Azərbaycanda od tutub yanan təkcə havalar deyil: İstilər canımıza,


Digərləri 06 İyl 2019 19:07:00 234 0

Azərbaycanda od tutub yanan təkcə havalar deyil: İstilər canımıza,

Həqiqətən, bu gün od tutub yanan təkcə havalar deyil. Amma bir az fərqinə vardıqda, ümumiyyətlə, havalar deyil, yaxud olmamalıdır. Çünki bir cənub ölkəsi və yay, üstəgəl bu fəsildə 35-40 dərəcə istiyə öyrəşmiş bizlər. Niyə şikayətlənməliyik ki?! Bu səbəbdən orta statistik qazanca malik kimdən soruşsaq qiymətlərlə müqayisədə havaların "toya gedəsi" olduğunu deyəcək. Niyə deməsin ki?!

Prezident İlham Əliyev dövlətin həyata keçirdiyi iqtisadi siyasətin, o cümlədən islahatların əsas hədəfinin əhalinin sosial güvənliyinin təminatı olduğunu dəfələrlə sübut etmişdir. Dövlət başçısı seçildiyi 2003-cü ildən bugünəcən elə il olmayıb ki, İlham Əliyev ölkədə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarını, pensiyaları, müxtəlif təyinatlı sosial müavinətləri, təqaüdləri artırmasın, qaçqın və məcburi köçkünlərin məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görməsin, şəhid ailələrinin, müharibə veteranı və əlillərinin qayğılarının qarşılanması üçün sərəncamlar imzalamasın.

Bu 16 illik tarixin çox dərinliklərinə baş vurmayıb 2019-cu ilə müraciət edək: məlum olduğu kimi, cari il Prezident iki sosial paket təsdiqləyib. İlin əvvəlində imzalanan sərəncamlarla ölkə üzrə minimum əməkhaqqı 180, minimum pensiya 160 manata qaldırılıb, təxminən 100 min nəfəri əhatə edən tələbə təqaüdləri, Əfqanıstan veteranlarının, əlillərin müavinətləri artırılıb. Ümumiyyətlə, ilk paket adlandırılan həmin sərəncamlar çərçivəsində büdcədən ayrılan 1,5 milyard manat hesabına 3 milyon nəfərdən çox vətəndaşımızın sosial güvənliyi daha da yaxşılaşıb. 17 sərəncamın əhatə etdiyi növbəti paketdənsə 2 milyon nəfər yararlanacaq. Həmin sərəncamlarla sentyabrın 1-dən minimum əməkhaqqı növbəti dəfə artırılaraq 250 manatdan hesablanacaq, dövlət qulluqçularının aylıq maaşları 50, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışıb diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları 20, hərbi və hüquq-mühafizə orqanları əməkdaşlarının, eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən şəxslərinki 40 faiz artacaq. Oktyabrdansa minimum pensiyanın məbləği 200 manata çatdırılacaq. Nəhayət, dövlət büdcəsinə təxminən 2 milyard manata başa gələcək bu sərəncamlar hesabına əhalinin sosial müdafiəsinin güclənməsini sübut edən iki fakt: tək minimum əməkhaqqının artırılması 950 min nəfəri əhatə edəcək. Təhsil müəssisələrində çalışanlarla bağlı imzalanan sərəncamın nəticəsində isə müəllimlərin orta aylıq maaşları 600 manatdan çox olacaq.

İqtisadçılar, mütəxəssislər Prezidentin bu sərəncamlarını yüksək qiymətləndirirlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyir ki, dövlət başçısının atdığı addımların mərkəzində ölkə vətəndaşı dayanır. Onun qənaətinə görə, dövlət başçısının bu istiqamətdə növbəti mühüm qərarlar verəcəyi də istisna deyil. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirir ki, əməkhaqlarının əhəmiyyətli yüksəlməsi əhalinin alıcılıq qabiliyyətini artırmaqla iqtisadi aktivliyin daha da canlanmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sahələrinə təsir göstərəcək.

İqtisadçılarda, eyni zamanda qiymətlər, daha dəqiq desək, bahalaşma sarıdan bir rahatsızlıq da var və bəri başdan deyək ki, bu ehtimal boş yerdən yaranmayıb. İlk dəfə deyil ki, bizdə əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı imzalanan sərəncamların, necə deyərlər, mürəkkəbi qurumamış qiymətlər bahalaşır, daha doğrusu, bahalaşdırılır. Bahalaşdırılır ona görə ki, istər əvvəlki, istərsə də artıq başlamış indiki qiymət artımının obyektiv səbəblərdən çox subyektiv maraqların təminatına xidmət edən bəhanələri var.

Əvvəl bir neçə kəlmə ilk yanaşmada obyektiv görünən, amma önləyici tədbirlər həyata keçiriləcəyi halda zərərsizləşdirilə bilən səbəblər barədə. Götürək Prezidentin builki sosial paketlərini. Deməli, əhalinin həm sosial müdafiəsinin gücləndirilməsi üçün artırılan əməkhaqları, pensiyalar və müxtəlif istiqamətli ödənişlər, həm də manatın devalvasiyası səbəbindən yaranmış problemli kreditlərin həlli üçün büdcədən ayrılan və ayrılacaq vəsaitin miqdarı 4 milyard manatdan çoxdur. Bu o deməkdir ki, bazara bir o qədər pul kütləsinin daxil olacağı gözlənir. Pul kütləsinin çoxluğunun isə qiymət artımına səbəb olma ehtimalı var, təbii ki, önləyici tədbirlər görülməyəndə. Və əgər bu gün hamı bahalaşmadan şikayətçidirsə, deməli, bizdə həmin tədbirlər ya lazımi səviyyədə, ya da ümumiyyətlə, həyata keçirilmir. Əks halda ilin-günün bu vaxtında mövsüm meyvələrinin, tərəvəzin, eləcə də digər ərzaq məhsullarının qiymətləri cibimizi yandırmazdı. Hələ qeyri-ərzaq məhsullarını, xidmət haqlarını demirik. Belə qəbul edirik ki, onlar gündəlik tələbat malları deyil və bəd ayaqda ərzaqdan fərqli olaraq, onlarsız da keçinmək mümkündür.

Əsassız bahalaşmanın başqa bir tərəfi də var ki, bu da onun dövlətin sosial siyasətinin əleyhinə işləməsidir. Təsəvvür edin, dövlət əhalinin gəlirlərinin artması, yəni güzəranının yaxşılaşması üçün tədbirlər görür, ölkənin istehlak bazarında qiymətlərə nəzarət edən gözəgörünməz qüvvələr isə əsassız bahalaş(dır)ma "siyasət"ilə xalqın cibinə girib halal pulunu əlindən alır. Əslində "gözəgörünməz" adlandırdığımız həmin "qüvvələr"in inhisarçılar olduğunu hamı bilir, tək onlara qarşı həm iqtisadi, həm də inzibati üsullarla mübarizə aparmalı olan qurumlardan savayı.

Fəaliyyət sahəsi ilə bağlı hər gün topdansatış bazar və dükanlardan (marketlərdən) alver edən tanışımız deyir ki, eyni ərzağı iki gün dalbadal eyni qiymətə aldığı vaxt çox az olur: "Qiymətlər qəpiklə də olsa, hər gün bahalaşır. Hətta elə ərzaqlar var ki, onlar bir-iki gün yoxa çıxır, daha doğrusu, çıxarılır. O saat bilirik ki, bu, qiymət qaldırmaq üçündür, özü də az yox, əməlli-başlı. Nə edə bilərik, bütün məhsulların sahibi, yəni inhisarçısı var, qiymətləri də onlar müəyyənləşdirirlər".