Şəkidə 40 kmlik avtomobil yolları yenidən qurulur FOTO


Digərləri 05 İyl 2019 21:16:00 223 0

Şəkidə 40 kmlik avtomobil yolları yenidən qurulur  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, Şəki rayonunda 2 yol infrastrukturu layihəsi icra olunur.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, rayonun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb.

Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 33 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və uzunluğu 18 kilometr olan Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr təşkil edən Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yollarboyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlər tikilib, 2 laydan ibarət yol əsası salınıb. Hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri aparılır. Əyriçay üzərində yerləşən və 60 metr uzunluğa malik avtomobil körpüsü yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə təmir olunur.

Anoloji işlər Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərini birləşdirən avtomobil yolunda da aparılır. Sözügedən yolun Orta Zəyzid kəndinə qədər olan 5 kilometrlik hissəsi III, Baş Zəyzid kəndinə qədər olan 2,2 kilometrlik hissəsi isə IV texniki dərəcələrə uyğun təkmilləşdirilir.

Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən 15 nöqtədə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılacaq, 15 metr uzunluğunda su keçidi inşa ediləcək, yollarboyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün 1600 poqonmetr uzunluğunda dəmir-beton küvetlər tikiləcək.


Xəbərə aid fotolar