Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid


Dünya 05 İyl 2019 18:40:00 253 0

Qlobal güclər: yeni münasibətlər mərhələsinə keçid

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Siyasi təhlilçilər dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çin arasında münasibətlərdə dəyişikliklərin müşahidə edildiyindən yazırlar. Osakada "Böyük iyirmilər" (G20) qrupunun sammitində ifadə edilən fikirlərin işığında bu iddia maraqlı görünür. Orada Amerika, Rusiya və Çin rəhbərləri düşündürücü mesajlar veriblər. Onların sırasında V.Putinin liberalizm haqqında dedikləri daha çox əks-səda doğurub. D.Tramp da Çinlə ticarət müharibəsinin sona çata biləcəyi barədə fikir bildirib. O, ayrıca, Çin mallarına əlavə verginin tətbiq edilməyəcəyini bəyan edib. Türkiyə haqqında da ədalətli fikirlər ifadə edib. Amerika Prezidenti, faktiki olaraq, Vaşinqtonun Yaxın Şərqin bu böyük dövlətinə qarşı haqsız davrandığını və öz səhvini aradan qaldırmalı olduğunu ifadə edib. Bunlardan Vaşinqton administrasiyasının xarici siyasətdə müəyyən düzəlişlər etdiyi barədə fikir formalaşır. Onların prizmasından ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin dinamikasının geosiyasi konteksti maraq kəsb edir. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Liberalizmin tənqidi: Putin dünyanı heyrətləndirdi

G20 ölkələrinin Osakada keçirilən sammiti göstərdi ki, dünyanın böyük geosiyasi gücləri arasında mübarizə yeni çalarlar alır. Bu, daha çox ABŞ, Rusiya və Çin arasında olan münasibətlərə aiddir. Bu ölkələrin rəhbərlərinin Yaponiyada apardıqları müzakirələrin məzmunundan ekspertlər belə bir nəticə hasil edirlər. Əlbəttə, qiymətləndirmələr fərqlidir. Ekspertlər bir sıra hallarda simpatiya və ya antipatiyalarını cilovlaya bilməyib, hansısa bir tərəfin xeyrinə fikir yürüdürlər. Ancaq bütövlükdə, qlobal miqyasda yeni qüvvələr nisbətinin formalaşmaqda olduğu aydın şəkildə görünməkdədir.

Ekspertlər daha çox V.Putinin Qərb liberalizmi ilə bağlı dediklərini analiz edirlər. Rusiya Prezidenti "The Financial Times" qəzetinə verdiyi müsahibədə artıq Qərb liberalizminin ideoloji konsept olaraq köhnəldiyini ifadə edib. Bunu bir sıra Rusiya ekspertləri "böyük aşağılama" kimi qiymətləndiriblər. Bütövlükdə isə, Rusiya Prezidentinin mediamüharibəni udmaqda olduğunu iddia edirlər (bax: Большое унижение от Путина: кажется, он выигрывает медиавойну / "Россия сегодня", 29 iyun 2019).

Doğrudan da, Qərb mətbuatı V.Putinin bu fikrinə geniş yer verməkdədir. Siyasətçilər də münasibət bildirirlər. Onların bir qismi həmin tezislə razılaşır, digərləri isə əksini söyləyirlər. V.Putinin D.Trampı liberalizmin böhranı fonunda "ağıllı siyasətçi" kimi xarakterizə etməsi xüsusi müzakirə mövzusuna çevrilib. Daha maraqlısı odur ki, Rusiyanın dövlət başçısı miqrantlara qarşı Avropa cəmiyyətlərində olan sərt mövqeni müdafiə edib. Konkret olaraq, V.Putin deyib ki, əgər miqrant qanunu pozursa, cəzasını almalıdır, ona niyə güzəşt olmalıdır?.

Belə görünür ki, V.Putinin müsahibədə ifadə etdiyi fikirlər xüsusi texnologiya ilə təbliğ edilir və bu zaman Qərb cəmiyyətinin ictimai rəyinə təsir etmək məqsədi güdülür. Aydın görünür ki, Rusiya Qərbin əsas ideoloji sistemini silkələyən fikirlər ifadə edib. Bunu SSRİ dağılandan sonra Qərbə qarşı aparılan ən güclü ideoloji həmlə hesab etmək olar. Çünki Avropada "soyuq müharibə"nin məhz liberal dəyərlər hesabına udulduğu fikri beyinlərə tam yerləşdirilib. Əgər bu məqamda hansısa şübhə yaranacaqsa, bu, dolayısı ilə SSRİ üzərində ideoloji qələbənin sadəcə miraj olduğu anlamına gəlir. Yəni reallıqda Qərb uduzub, özünü mənəvi uçuruma sürükləyir.

Bu fikri söyləməklə, əslində, V.Putin informasiya müharibəsində başqa bir cəbhə açır. Belə ki, o, D.Trampı tərifləyir. Qərbdə isə Amerika Prezidentini sağ populist olaraq qiymətləndirir və ona qarşı kəskin mübarizə aparmağa çalışırlar. Hesab edilir ki, sağ populizmin Avropada yayılmasına ilham verən məhz D.Trampdır. Avropalı analitiklərin qənaətlərinə görə, bu istiqamət Avropanı mənəvi və ideoloji aspektlərdə parçalayır, avropasentrizmi inkar edir ki, bu da, təbii olaraq, Avropada inteqrasiya prosesinə ciddi maneə törədir.

İndi V.Putinin fikirlərinə məhz bu kontekstdə nəzər salaq. Belə məlum olur ki, Rusiyanın dövlət başçısı D.Trampı ideoloji kontekstdə tərifləməklə Avropada müəyyən siyasi qüvvələrə mesaj verir, onları hazırkı Qərb siyasi elitasına qarşı daha geniş və qətiyyətli mübarizə aparmağa çağırır. Bu da, faktiki olaraq, Avropa İttifaqı daxilində siyasi-ideoloji mübarizəni qızışdırmaq deməkdir. Maraqlıdır ki, Avropa ekspertləri bu məqamı dəfələrlə vurğulayırlar, ancaq, görünür, qəbul edənlər azdır.

Oyun qaydaları: əməkdaşlıq, yoxsa gərginlik naminə?