BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib (FOTO)


Digərləri 05 İyl 2019 16:50:00 314 0

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib (FOTO)

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor Almaniyanın Vürsburq Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış sazişə əsasən “Avropa hüququ” magistratura ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən söz açıb. 2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb. Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib.