Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında nominasiya faylları müzakirə olunur (FOTO)


Digərləri 05 İyl 2019 16:10:00 134 0

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında nominasiya faylları müzakirə olunur (FOTO)

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiya fayllarının müzakirəsi ilə davam etdirdi.

Bakı. Elçin Mehdiyev - UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiya fayllarının müzakirəsi ilə davam etdirdi. Trend-in məlumatına görə, təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq nominasiyalarla bağlı məlumat verdikdən sonra nominasiya prosesində dəyişikliklərlə bağlı fikirlər dinlənildi. Çıxışlar zamanı vurğulandı ki, nominasiya prosesi qlobal strategiyaya uyğun aparılmalıdır. Həmçinin diqqətə çatdırıldı ki, nominasiya prosesi ilə bağlı sənəddə Dünya İrs Komitəsinin 2022-ci ildə qeyd ediləcək 50 illiyinə dair məlumat və hesabatlar da yer alır. Müzakirələrdə nominasiyaların geri götürülməsi prosesinin şəffaflaşdırılması məsələlərinə də diqqət yetirildi. Bildirildi ki, geri götürmə hallarında qiymətləndirmə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məlumat verildi ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin təqdim etdiyi nominasiyaların müzakirəsi 6 iyul tarixinə keçirilib. Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər. Dünya irsinin hamıya məxsus olduğunu söyləyən natiqlər qeyd etdilər ki, Bakı sessiyasında UNESKO-nun Dünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 27-si mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə aiddir. Çıxışlarda vurğulandı ki, nominasiyaların qəbulu zamanı obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir. Həmçinin mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlərin görülməsinin vacibliyi də vurğulandı. Anqola dövlətinin nümayəndəsi çıxışı zamanı Afrika qitəsinin nominasiyalar baxımından geridə qaldığını bildirdi. Əlavə etdi ki, məşvərət qrupunun üzvləri Afrikaya faylların təqdimi və qovluqların yaradılmasında həm elmi, həm də təcrübə baxımından yardım da edirlər.