Amsterdam “Eurovision2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina etdi


Kriminal 05 İyl 2019 15:40:00 250 0

Amsterdam “Eurovision2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina etdi

Amsterdam 2020-ci ildə "Eurovision" mahnı müsabiqəsini qəbul etməyəcək.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu iyulun 5-də Niderland paytaxtının meri Femke Halsem özünün açıq məktubunda bəyan edib.

Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün nəzərdə tutulan "Ziggo Dome" konsert salonundan planlaşdırılan dövrdə istifadə etmək mümkün olmayacaq. Mer deyib: "Yaranmış vəziyyət zalın bron edilməsi ilə bağlıdır. Məsələ əsaslı surətdə araşdırılandan sonra məlum olub ki, tədbiri başqa vaxta keçirmək mümkün deyil".

Halsem əlavə edib ki, şəhər "Eurovision" üçün başqa yer tapmağa çalışıb, lakin bu cəhdlər də səmərəsiz qalıb.

"Eurovision-2020" Niderlandda keçirilməlidir, çünki 2019-cu il müsabiqəsində "Arcade" mahnısı ilə bu ölkənin nümayəndəsi Dunkan Lourens qalib gəlib. Daha əvvəl Haaqa və Breda şəhərləri bəyan ediblər ki, mahnı müsabiqəsinə ev sahibliyi etmək niyyətində deyillər.