Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb (FOTO)


Digərləri 05 İyl 2019 12:06:00 189 0

Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb (FOTO)

Arxeoloqların birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb.

Bakı. Elçin Mehdiyev - Ötən gün Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərgi açılıb. Trend-in məlumatına görə, sərgidə 10 il ərzində iki ölkənin arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdirilir. Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının ölkəmiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanın bir çox möhtəşəm tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasını Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri nəticəsində Azərbaycanın UNESKO ilə münasibətləri yüksək səviyyədədir. Fransalı arxeoloq Bertiy Lione Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan danışıb. Bildirib ki, o, Azərbaycanın bölgələrində aparılan arxeoloji qazıntılar zamanı təkcə qədimi əşyaları tapmaqla kifayətlənməyib, həmin dövrlərdə yaşayan insanların həyatını, mühitini, sosial və ailə münasibətlərini tədqiq edib. Fransanın sabiq ətraf mühit naziri Seqolen Royal diqqətə çatdırıb ki, Bakıya UNESKO-nun 43-cü sessiyası münasibətilə gəlib. İki ölkə arasında elmi əməkdaşlıqdan söz açan fransalı qonaq sərginin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli İncəsənət Muzeyinə, AMEA-ya və Fransa səfirliyinə təşəkkürünü bildirib. Bildirilib ki, Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparıb. Araşdırmaların nəticələri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Neolit, Eneolit və Kür-Araz mədəniyyətlərinin müxtəlif problemlərini öyrənməyə imkan verib.