Avropa İttifaqı Məhkəməsi Macarıstan əleyhinə növbəti hökm çıxarıb


Dünya 04 İyl 2019 22:15:00 232 0

Avropa İttifaqı Məhkəməsi Macarıstan əleyhinə növbəti hökm çıxarıb

Avropa İttifaqı Məhkəməsi (CJEU) qərar qəbul edib ki, Macarıstan hökumətinin kənd təsərrüfatı sahələrinə Avropa İttifaqının digər ölkələrindən sərmayə qoyanlara qarşı tətbiq etdiyi məhdudiyyətlər Aİ qanunvericiliyində təsbit edilmiş əsas hüquqları pozur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə informasiya Macarıstanın M1 kanalının əsas televiziya xəbər proqramında səslənib.

Məhkəmənin qərarında deyilir: "Macarıstan öz ərazisində Aİ-nin üzvü olan başqa dövlətlərin vətəndaşlarına birbaşa və ya dolayı məxsus olan kənd təsərrüfatı torpaqlarında "uzufrukt" (başqasının əmlakına ziyan vurmadan qazanc məqsədi ilə həmin əmlakdan istifadə hüququ) hüququnu ləğv etməklə, Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası tərəfindən zəmanət verilmiş kapitalın azad hərəkəti və mülkiyyət hüququ prinsipindən irəli gələn öhdəliklərini yerinə yetirməyib. Macarıstanın mübahisəli qaydalarına əsasən mülkiyyətdən məhrum edilməyə onun ictimai maraqlara cavab verməsi əsasında bəraət qazandırıla bilməz. Bundan əlavə, ədalətli kompensasiyanın vaxtında ödənilməsi barədə hər hansı razılaşma yoxdur".

Xatırladaq ki, Avropa Komissiyası iki il əvvəl də kənd təsərrüfatı torpaqlarında xarici sərmayədarların fəaliyyətini məhdudlaşdıran qanun qəbul etdiyinə görə Macarıstana qarşı iddia qaldırmışdı. Qəbul edilmiş qanun "uzufrukt hüquqları" deyilən müqavilələri ləğv edirdi. Xarici sərmayədarlar ilə imzalanmış bu müqavilələr onlara əmlakdan istifadə və qazanc götürmə hüququ verirdi.

İlkin müqavilələr 20 illik keçid dövrü üçün nəzərdə tutulmuşdu. Yəni, müqavilələrin müddəti 2033-cü il yanvarın 1-də bitməli idi. Lakin yeni qanun bu müddəti qısaldıb. Yəni, sərmayədarların müqavilələri kompensasiya ödənilmədən 2014-cü il mayın 1-də ləğv edilib.