Komissiya: Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib


Digərləri 04 İyl 2019 21:14:00 256 0

Komissiya: Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Son.az bildirir ki, Ağsu Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, hazırda qəzalı evlərin 198-i sökülüb yenidən tikilir: "Artıq 16 evin tikintisi başa çatdırılaraq sakinlərə təhvil verilib. Həmin evlərin 13-ü şəhər ərazisində, 3-ü isə kəndlərdədir. Tikilməkdə olan digər evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər hissə-hissə ailələrə təhvil veriləcək".

Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlərin söküntü işləri davam etdirilir: "Bundan başqa, rayon ərazisində zəlzələ nəticəsində zədələnən 81 evdə bərpa işləri aparılır. Artıq 5 evdə bərpa işləri başa çatdırılıb. Yaxın günlərdə təmirə ehtiyacı olan evlərdə də işlər başlanacaq".

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.