Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib


Kriminal 04 İyl 2019 20:00:00 255 0

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib.   Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə  zəngin bir mövsümü  tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail oldu. Ümumilikdə  mövsüm ərzində baş verən canlanmanı, kollektivin  böyük  şövqlə çalışmasını nəzərə alan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov  yaradıcı heyəti sevindirəcək təklif irəli sürüb.

Sumqayıt Dövlət Dram Teatrı   yaradıcı və texniki heyəti arasında istedadın  və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə  təqdim edilməsi, həmçinin  mövsüm ərzində hazırlanmış  ən uğurlu səhnə əsərlərinin,  ayrı-ayrı  ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə  "Busmedia" reklam şirkəti ilə birgə  "Rampa" milli teatr mükafatı təsis etmişdir.  Rəhbərlik  müxtəlif nominasiyalar üzrə  tərtib olunan "Rampa" Milli Teatr mükafatının  kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına  təkan verəcəyini  düşünür. Naminasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən  ediləcəkdir. "Ən yaxşı tamaşa",  "Mövsümün ən yaxşı  xarakterik  obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən yaxşı  texniki işçisi", "Mövsümün ən perspektivli aktyoru",  "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə mükafatlandırma   iyul ayının ortalarında keçiriləcəkdir. Mükafat  ötən mövsümdə fərqlənən   teatr əməkdaşlarına  verilməklə  hər mövsümün sonunda  təqdim ediləcəkdir.