Gəncədə qapadılan qanlı oyun: bizi kim hədəfə almışdı?


Siyasət 04 İyl 2019 11:10:40 286 0

Gəncədə qapadılan qanlı oyun: bizi kim hədəfə almışdı?

Gəncədə hakimiyyətin daşının düşdüyü başlar müəyyənləşib. Amma o daşın qaldırıldığı yerdə iz qoymuş əlləri də tanıyırıq. O əlləri ki, müstəqil Azərbaycanı məhv etməyə, müstəqilliyimizi əlimizdən almağa yönəlib və sahibləri də dirsəyədək qana batan, terrorla çirkinlikdən savayı bir əməli gerçəkləşdirə bilməyənlərin əllərini həmişə öpərək "Baş üstə, ağa!"deyiblər.

Zülmət nə qədər məşum olsa da, nur onu parçalayır, hər şey aydınlaşır, hər kəsin kimliyi bilinir. Nur bəzən adında "nur" kəlməsi olan Şər kölələrini belə, ortaya çıxarır və işığının altında yandırır. O yanğı təmizləyici alovdur - çirkab və məkr istəyənlərin məramları qıyılmış gözlərində qalır.

Ötən il Gəncədə yaşananlar, daha doğrusu, Gəncəyə və bütün Azərbaycana yaşadılanlar təsadüf deyildi. Ola da bilməzdi, çünki Mingəçevir İstilik-Elektrik Stansiyasındakı qəza, sonra Gəncə, daha sonra sosial şəbəkələrdəki çağırışlar - bir paslı zəncirin həlqələri idi.

Stansiyadakı adi qəza idi.

Sonrakı qaranlıq isə kənardan idarə olunan oyunçuların Gəncədə oynamaq istədikləri qanlı oyuna cəhdi idi.

Bizi hədəfə almışdılar.

Səni, məni, hamımızı.

Məhv etmək üçün, kül etmək üçün, dövləti puç etmək üçün.

Meydan və Şeytan

Gəncədə meydana silahlı təxribatçılar, bir mərkəzdən idarə olunan adamlar girmişdilər.

"Ləbbeyk, ya Hüseyn!", "Allahu Əkbər!" qışqıran, əllərində qılınc və xəncər olanları vətəndaş cəmiyyəti, insan haqları və ədalət tərəfdarları saymaq olarmı?!

Elmar Vəliyevə sui-qəsd edən adamı "qəhrəman"laşdıran, onu vəsf edən və polisə hücum çəkən kəsləri gənclilərin maraqlarının təzahürü olan narazılığın daşıyıcıları hesab etmək mümkündürmü?

İqtisadi, sosial və s. problemlərin mövcudluğunu kimsə danmır. Dövlət başçısı da Nazirlər Kabinetinin toplantısında bu problemlərdən bəhs etdi, məmurlara sərt xəbərdarlıq etdi.

Xalqı incidən, xalqla inadlaşan dövlət yetkilisi cəzalanıb və bundan sonra da cəzasını alacaq.

Xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Ölkənin radikal müxalifətin "lider"lərinin, sosial şəbəkələrdə az qala şəbih çıxarıb Yunis Səfərova dəstək olanların dedikləri kimi, "dinc aksiya" məqsədi vardısa, meydana silahlılar niyə çıxdılar?

Özünü "müxalifət" adlandıran qüvvələr, buyurun. Bir daha öz iç üzünüzü, məqsədinizi göz önünə qoydunuz! Əgər əvvəlcədən aralığı qarışdırmağı planlaşdırmamışdınızsa, əgər aksiya dinc xarakter daşıyırdısa, kəsici alətlərlə aksiyaya niyə gəlirdiniz!

Yunis qəhrəman yox, terrorçudur

"Kabaatun askariyya"... Vətəndaş müharibəsinin ağlar qoyduğu, qan çanağına çevrilmiş Suriyada bu kəlmələri əldə silah xarabazarlar arasında yürüyüb öldürməyə "sələfiyyün" və ya tam əksinə, "rafiziyyun" mənsubu arayanlarla yanaşı, silahdan qaçıb dərbədər düşənlər də yaxşı bilirlər.

"Kəabaatun askariyya" Suriyada prezident Bəşər Əsədin hakimiyyətinə dəstək, ordusuna arxa olan "Hizbullah" yaraqlıların başlarındakı şapkadır. "Beysbolka" tipli bu papaq "Hizbullah" yaraqlılarının döyüş papağıdır.

Ərəblərin "pəhya" dedikləri, dünyanın hər yerində müsəlman kişilərin namaz qılarkən başlarına qoyduqları toxunma papağın "militar" variantı olan bu şapka Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun sevimli "atribut"larından biridir.

Y.Səfərovun sosial şəbəkələrdə dolaşan fotolarına siz də diqqətlə baxın. Çünki bu fotolar çox, amma çox mətləblərdən xəbər verir.

Yunis Səfərovun az qala "milli qəhrəman" elan edən, onun "Gəncədəki müsəlmanlara divan tutan taqut, zülmkar və müstəbid Elmar Vəliyevdən bütün müsəlmanların qisasını alan şücaətli, namuslu, qeyrətli igid" olduğunu yazanların və deyənlərin ritorikasına fikir verin.

Yəni sosial şəbəkələrdə Azərbaycan əleyhinə təbliğat aparanların, dövlətimizə və millətimizə qənim kəsilənlərin sözlərinə inansaq, sən demə, Yunis Səfərov səbr kasası daşan "adi vətəndaş"dır.

Belə deyil.

"Adi vətəndaş" belə olmur.

Yunis Səfərovun qonşu ölkələrdən birində xüsusi hazırlıq keçəndən, "beyinyuyulma" əməliyyatına məruz qalandan və radikal-dini təşviqatın növbəti zombiləşmiş qurbanına çevrilməsindən sonra Suriyaya yollanaraq orada döyüşməsi barədə Azərbaycanın rəsmi strukturlarının yaydıqları məlumatları "yalan, hədyan, böhtan" adlandıranlar da var.

Gəncədə nələrin və niyə baş verdiyini anlamaq istəyiriksə, bu yalanların yayılmasının məqsədini də anlamalıyıq.

Yunis Səfərov hazırlıq keçib, Suriyada olub, döyüşüb. Bu, faktdır və çox asan sübut olunur.

Y.Səfərovun bu fotosu Suriyanın paytaxtı Dəməşq, "Zeynəbiyyun" məscidinin cənubundakı məzarlıqda çəkilib. Bu məzarlıqda Suriyadakı döyüşlərdə həlak olmuş "Hizbullah" mənsubları dəfn olunurlar.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilən anlar...

Qatillər -1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov isə qaçıb aradan çıxırdılar.

Onların birinin əlində xəncər vardı. Polis polkovniki İlqar Balakişiyev məhz bu xəncərin zərbələri ilə qətlə yetirilmişdi.

Bu, Gəncədə iğtişaşlar törətməyə, ölkədə qarşıdurma yaratmağa yönəlmiş ssenarinin, sadəcə, bir görüntüsüdür.

Onlar bizi sadəlövh sayırlar?

Gəncədə meydana çıxıb bağıranlar, polisə hücum edənlər heç bir halda dindarlar deyillər, dini hisslərinin guya təhqir edildiyini, sosial ədalət aradıqlarını söyləyənlər yalan danışırlar. Onlar millət, dövlət, qanun düşmənləridir.

Onların dindar olmadıqlarını göstərən, sadəcə, bir fakt: qaraguruhun xəncərlə vuraraq qətlə yetirdiyi Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo" məhbusu seyid hacı Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.

Gəncənin məşhur, nüfuzlu və tanınmış din xadimlərindən olan bir şəxsin qardaşını, dövlət və dövlətçiliyin keşiyində duran ailənin mənsubunu qətlə yetirmək vətəndaş maraqlarını məhv etmək, qanunlara qənim kəsilmək, terrora atılmaqdır.

Azərbaycanda xalqla dövləti üzbəüz qoymaq istəyənlərin planlaşdırdıqları əməliyyatda Gəncədə meydana çıxanlara kiçik, təhqiramiz rol tapşırılmışdı. Onlar kor və kar, başı pozulmuş, amma hiylə və məkrlə dolu başlar tərəfindən idarə olunan kütlə rolunu oynamalıydılar.

Gəncədə hakimiyyətin daşının düşdüyü başlar müəyyənləşib. Amma o daşın qaldırıldığı yerdə iz qoymuş əlləri də tanıyırıq.

O əlləri ki, müstəqil Azərbaycanı məhv etməyə, müstəqilliyimizi əlimizdən almağa yönəlib və sahibləri də dirsəyədək qana batan, terrorla çirkinlikdən savayı bir əməli gerçəkləşdirə bilməyənlərin əllərini həmişə öpərək "Baş üstə, ağa!" deyiblər.

Həmin o başların üstünə qoyulmuş əllər çevirib o başları hakimiyyətə, qanuna, millətə və dövlətə qarşı.

Çevrilmiş başlar isə yalnız keçmişi görür, "Şəriət olmalıdır!" hayqırır, ölkəni orta əsrlərə qaytarmağı arzulayır.

Azərbaycanın müstəqilliyinə, sabitliyinə və dövlətçiliyinə qarşı yönələn qüvvələrin ötən il Gəncədə reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyimizin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, "Hüseyniyyun" adlanan terror qruplaşması fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə Azərbaycana qonşu olan bəzi dövlətlərin radikal-kredikar dairələri və qüvvələri tərəfindən idarə olunan saytlardakı fəallaşma birmənalı olaraq terroru dəstəklənməsi kimi dəyərləndirilə bilər.

Sözügedən səhifələrdə Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovu qəhrəman kimi təqdim etməyə cəhdlər edilir. Habelə onun videogörüntüləri və xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar yayımlanır.

Paylaşımlarda və videogörüntülərdə Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və  bu, bir qəhrəmanlıq nümunəsi kimi qələmə verilir.

AXCP fəallarının bəziləri isə daha irəli gedərək radikal "Hizbullah" təşkilatının istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar edir, ölkəmizdəki çoxəsrlik dini dözümlülük mühiti, tolerant imicini şübhə altına alırlar.

İslam dini ilə pərdələnən, lakin məramı təxribatçılıq, niyyəti radikallıq və dövlətlə xalqa düşmənçilik olan qüvvələrin göstərişləri ilə xaricdə yerləşərək Azərbaycana qarşı fəaliyyət göstərən nur-az.com saytı da hazırda Yunus Səfərovun Suriyada döyüşdüyünə dəlalət edən videosunu yayır, bu şəxsi təbliğ edir.

"Demokrat" və "dünyəvi" olduqlarını iddia edən bəzi müxalifət liderləri ilə onun tərəfdarları da terrorçunun qəhrəmanlaşdırılmasına yönəlmiş kampaniyaya dəstək verirlər.

Avropa dəyərlərinə sadiq olduğunu iddia edən müxalifətin, əslində, həmin dəyərlərə qənim kəsilənləri, terroru dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə hansı Azərbaycan gərəkdir?

Dünyanın inkişaf etmiş ölkələri arasında yer almağa çalışan, stabil və qüvvətli, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşamalarının tüğyan etdiyi ölkə? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi Şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

Qərb demokratiyasını yox, terroru dəstəklədiyini gizlətməyən müxalifət məqsədlərinə nail olmaq, nəyin bahasına olursa-olsun Azərbaycanı ələ keçirmək üçün ölkəmizin qan içində boğulan Suriyaya və ya vətəndaş müharibəsinin səngimədiyi Liviyaya dönməsini istəyir.

... İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.

Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz Suriyada terror dəstəsinin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "Şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub.

Bu şəxs Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə "solçu inqilabı" haqqında düşünməyib.

Gəncədə hadisə baş verəndən dərhal sonra dinlə pərdələnmiş radikalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada "talış separatçısı kimi ad-san qazanmış" İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Xatırladım ki, Gəncə hadisələrindən bir ay əvvəl, 2018-ci il mayın 28-də  ABŞ-ın nüfuzlu "Foreign Policy "nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi.

Terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.

Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər.

Radikal müxalifət, xüsusilə də "Milli Şura"da yer almış qüvvələr və AXCP vətəndaş mövqeyi və demokrat prinsipiallığı nümayiş etdirərək "Hüseyniyyun" və "Müsəlman Birliyi" qruplaşmalarını qınamaq əvəzinə, onları müdafiə etməyə yönəlmiş bəyanatlarla açıqlamalar verir, bu radikal qruplaşmaların konkret və təhlükəli cinayətlərə görə azadlıqdan məhrum edilmiş üzvlərini vicdan məhbusu elan edərək xüsusi siyahılara salırlar. Demokrat və dünyəvi olduqlarını vurğulayanlar Gəncədəki terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, onların azadlığa buraxılmasına çalışırlar.

Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başlayanda cəmiyyətlə dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməyəndə hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat iç savaşla, terrorun tüğyan etməsi ilə nəticələnir.

Terror aktları və terrora çağırışlarla yanaşı, terroru dəstəkləyənlər də qətiyyətlə lənətlənməli, cəmiyyətə və dövlətə qarşı yönəlmiş çağırışların qarşısı vətəndaş iradəsi və qətiyyəti ilə alınmalıdır.

Müasir dünya siyasətinin gəldiyi, təcrübəyə əsaslanan yekdil rəy budur.

Biz isə xalqımıza və dövlətçiliyimizə qarşı Ermənistanın, bəzi qonşu dövlətlərdəki klerikal dairələrin, radikal dindarların, ekstremistlərin, sadəcə, pula və məişət rahatlığının təminatına can atan "iaşə müxalifət"inin təmərküzləşmiş, təhlükəli ideoloji təxribatı ilə üzləşmişik.

Gəncə hadisələrini yenidən aktuallaşdırmaq, bununla da ölkədəki dindarları aktivləşdirməyə, onları dövlətə qarşı fəaliyyətə yönəltməyi arzulayan qüvvələrlə eyni mövqedən çıxış etməyə başlamış AXCP və "Milli Şura" çirkin təbliğatı dəstəkləyir, anti-milli fəaliyyəti təşviq etməklə əsl mahiyyətlərini ortaya qoyurlar.

"Demokratiya" və "insan haqları" şüarları ilə "mübarizə"lərinin, əslində, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək olduğunu göstərən radikal müxalifət cılız məqsədlərə çatmaq üçün ölkəmizə düşmən kəsilən qüvvələrin əlaltısına çevrilməyə hazır olduğunu göstərir.

Xarici ölkələrdəki anti-Azərbaycan mərkəzlərin və qüvvələrin fəaliyyəti gözlənilməz deyil. Lakin bu qüvvələrə Azərbaycan daxilində dəstək verən, onların sifarişlərini yerinə yetirərək asayiş keşikçilərinə qarşı qəddar cinayət törədənlərə bəraət qazandırmağa, onları "qəhrəman" kimi göstərməyə çalışanlarla xaricə qaçaraq dövlətimizə düşmən kəsilənlərə sığınan, onların maliyyələsindən asılı girovlara dönənlərin canfəşanlığını anlamaq çətindir.

Mövcud həssas vəziyyətdə cəmiyyətimiz iradə və qətiyyətini, sayıqlığını nümayiş etdirməli, vətəndaşlarımız milli dövlətçiliyimiz naminə sıx birlik göstərməlidir.

İctimai rəyə təsir imkanlarına malik insanlarımız daha düşünülmüş və həssas davranış göstərməli, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir.

Çünki dövlətin təhlükəsizliyi, dövlətçilik və milli mənafelər heç zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyin dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, ölkəmizin hər vətəndaşı, hər azərbaycanlı mövqeyini nümayiş etdirməli, iradəsini göstərməlidir.

Elçin Alıoğlu Son.az