Bu ölkədə ictimai iaşə obyektlərində tütün məhsullarının istehlakı qadağan edilib


Digərləri 03 İyl 2019 21:21:00 215 0

Bu ölkədə ictimai iaşə obyektlərində tütün məhsullarının istehlakı qadağan edilib

Avstriya parlamenti iyulun 2-də keçirilən iclasında ictimai iaşə obyektlərində tütün məhsullarının istehlakının qadağan edilməsinə dair qanun qəbul edib. Bu qadağa, eyni zamanda, elektron siqaretə və qəlyana da şamil olunacaq. Qanun bu il noyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyasının (ÖVP) koalisiyalı hökuməti tərəfindən tütün məhsullarının qadağan edilməsinə dair qanun layihəsi parlamentə təqdim olunmuş və qəbul edilmişdi. 2018-ci il mayın 1-dən etibarən qüvvəyə minməli olan qanuna isə 2017-ci ilin payızında qurulan ÖVP və Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyası mane oldu və qanunu qüvvəyə minmədən öncə ləğv etdi. Buna səbəb isə, ilk növbədə, FPÖ partiyasının koalisiya razılaşmasına bu qanunun ləğvini əsas şərtlərdən biri kimi daxil etməsi idi.

İyulun 2-də keçirilən iclasda yalnız FPÖ partiyasını təmsil edən deputatlar qanunun əleyhinə səs veriblər. Onlar bu mövqelərini ictimai iaşə obyektlərinin qorunması, onları müştərilərdən məhrum edəcək bu qanunun iqtisadi fəsadlara yol açacağı ilə izah ediblər.

İctimai məkanlarda tütün məhsullarının qadağan edilməsi üçün təşəbbüsləri dəstəkləyən və özü də bir sıra aksiyalar həyata keçirən Avstriya Həkimlər Palatası parlamentin bu qərarını alqışlayıb. Palatadan bildiriblər ki, Avstriya tütün məhsullarının istehlakı ilə bağlı Avropada ən arzuolunmaz mövqelərdən birini tutur. Avropa İttifaqında yaşı 18-dən yuxarı hər beş nəfərdən biri siqaret çəkirsə, Avstriyada bu göstərici dörd nəfərə bərabərdir.