"200 manat" kağız pul nişanı barədə animasiya hazırlanıb


Digərləri 03 İyl 2019 16:50:00 236 0

"200 manat" kağız pul nişanı barədə animasiya hazırlanıb

Azərbaycan Mərkəzi Bankının (AMB) əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi "Maliyyə savadlılığı" portalında (www.bizimpullar.az) yeni "200 manat" kağız pul nişanı haqqında animasiya yerləşdirilib.

Son.az xəbər verir ki, AMB-dən AZƏRTAC-a bildirilib ki, sözügedən pul nişanının təsviri əsasında onun dizaynı və mühafizə sistemi barədə məlumat verilir. Müxtəlif hədəf qrupunun maarifləndirilməsi və bu sahədə savadlılığı artırmaq məqsədilə hazırlanmış animasiyada 200 manatlıq əsginasın estetik görünüşü, konseptual mövzusu və hər bir mühafizə elementi izah olunur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Buna uyğun olaraq, əhali arasında maarifləndirmə işlərinə də xüsusi önəm verir. Həmçinin istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə və təbliğat-təşviqat tədbirləri ilə yanaşı, "Maliyyə savadlılığı" portalının məzmunu da mütəmadi zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.