Polşada və Litvada suda boğulanların sayı kəskin artıb


Dünya 03 İyl 2019 07:21:00 194 0

Polşada və Litvada suda boğulanların sayı kəskin artıb

Cari ilin iyununda Polşada və Litvada suda boğulanların sayı 150 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb indiyədək görünməmiş isti hava şəraiti, həmçinin diqqətsizlik və ifrat alkoqol qəbulu olub. Polşanın Təhlükəsizlik üzrə Dövlət Mərkəzinin mətbuat xidmətinin iyulun 1-nə olan məlumatında bildirilir ki, iyunda bu ölkədə suda boğulan 113 nəfərdən 10-u ayın sonuncu günündə həyatını itirib.

Litvada isə son 1 ayda 37 nəfər suda boğulub. Bu göstərici Litva üçün ən yüksək həddir.

İyunda Polşada 38,2 dərəcə isti qeydə alınıb ki, bu, ölkə tarixində rekord göstərici olub. Litvada isə bu rəqəm +35,7 dərəcə təşkil edib. Nəticədə bəzi regionlarda məktəblərdə erkən tətillər başlanıb, kənd təsərrüfatı məhsulları isə yanaraq məhv olub.