Bu ölkədə boşanma prosesinin mürəkkəbləşdirilməsi haqqında qanun qüvvəyə minib


Digərləri 03 İyl 2019 04:30:00 280 0

Bu ölkədə boşanma prosesinin mürəkkəbləşdirilməsi haqqında qanun qüvvəyə minib

Danimarkada boşanma prosesinin mürəkkəbləşdirilməsi haqqında qanun qüvvəyə minib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalara görə, indi Danimarkada boşanmaq istəyən valideynlər ayrılmazdan əvvəl məcburi kurs keçməli və üç ay gözləməlidirlər.

"Boşanmadan sonra əməkdaşlıq" adlanan kurs valideynlərə münasibətlərin pozulmasının nəticələrini, xüsusən, uşaqların gözü ilə nəzərdən keçirməyə imkan verir və boşanandan sonra necə ünsiyyət saxlamağı izah edir.

Kopenhagen Universitetinin əməkdaşları bildiriblər ki, bu rəqəmsal kurs cütlüklər boşananda yaranan ən mühüm sualların bəzilərinə cavab verir. Yeni kursda, məsələn, ad günlərini necə keçirmək, yaxud uşaqlar pərt olanda onlarla necə danışmaq kimi potensial münaqişə zonaları üçün konkret həllər təklif edən 17 modul təqdim olunub.

Kursun yaradıcılarından biri, Kopenhagen Universitetinin psixoloqu Martin Haldın sözlərinə görə, tədqiqatçılar 2015-2018-ci illər arasında bu modulları 2500 könüllü üzərində sınaqdan keçiriblər. "Alimlər 14 haldan 12-də görüblər ki, proqram psixi və fiziki sağlamlığa orta və güclü dərəcədə müsbət təsir göstərib, stress, depressiya, narahatlıq, fiziki və ya psixi gərginlik səviyyəsini azaldıb və iş yerində problemlərin qarşısını alıb", - deyə Hald fikrini tamamlayıb.