“Kontrabas” növbəti dəfə beynəlxalq festivallara qatılacaq


Digərləri 02 İyl 2019 23:45:00 217 0

“Kontrabas” növbəti dəfə beynəlxalq festivallara qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik "Kontrabas"la festivallara hazırlaşır.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik "Kontrabas"la festivallara hazırlaşır. Teatrdan Trend-ə verilən məlumata görə, 1998-ci ildə səhnəyə qoyulan bu əsər 21 il ərzində yüzlərlə festivalda iştirak edib, qalib olub. Bu dəfə isə tamaşa 14-18 avqust 2019-cu il tarixində Rusiya Federasiyasının Kineşma şəhərində keçiriləcək "Островский - FEST" Beynəlxalq Teatr festivalına dəvət alıb. Yerli teatrlardan əlavə daha 6 ölkənin - Azərbaycan, Moldova, Ukrayna, İsrail, İsveçrə, Norveçin iştirak edəcəyi festival kifayət qədər nüfuz qazanıb. Avqustun 28, 29 və 30-da isə ABŞ -ın Boston şəhərində teatr festivalına qatılacaq. Əməkdar artist Şövqi Hüseynov bu Festivallarda da uğur qazanacağına inandığını bildirib: “Bilirsiz ki, bu tamaşa ölkəmizə, mədəniyyətimizə uğur gətirib, bir çox mükafatlara layiq görülüb. Azərbaycan və rus dilində oynanılır. İndiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlar alıb. Avqust ayında baş tutacaq iki böyük festivalda da uğur qazanacağımıza inanıram".