Mömin ruzisinə görə nigaran olmamalıdır


Digərləri 02 İyl 2019 22:55:00 226 0

Mömin ruzisinə görə nigaran olmamalıdır

Əgər biz ailəmiz üçün sağlam ruzi qazana bilsək, bir çox bəlalardan amanda qalmış olarıq. İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda buyurur: "Ruzi iki növ olar: o ruzi ki, sən onu istəyəsən və o ruzi ki, o, səni istəsin".

İnsanın həyat tərzinə təsir qoyan ən böyük amil - ruzisidir. Ruzidən nigaran qalmaq insanı giriftar edər və Allahdan qafil edər. İnsanların bir çoxu ruzini Allahdan deyil, öz səylərinin nəticəsi olduğunu güman edir. Bu da cəmiyyətdə iztirabı artırır. Bir çox stress və iztirabların kökü də buradan gəlir.

İmam Əli (ə) bu məktubunda buyurur: "Həyatında mötədil ol. İlahi ibadətdə də mötədilliyə riayət et. Elə yol seç ki, sənin taqətin və gücün həddində olsun. Davamlı olaraq ona əməl edə biləsən". İnsan öz istedad və güclərini tanısa, onun üçün çox faydalı olar. Ona uyğun proqram qursa, daha yaxşı nəticələr əldə edər.

Həzrət (ə) oğluna buyurur ki, hətta ibadətdə belə mötədilliyi qoru. İbadət zamanı da insan gərək gücü və taqəti çatdığı qədər ibadət etsin. Məsələn o kəs ki, müstəhəb oruc tutur, özünə təzyiq göstərərsə, sonra xəstə yatağına düşər. Sonra isə vacib orucu tuta bilməz. Ona görə də ibadətdə də mötədil olmaq lazımdır.

Hər bir təfrit də, ifrat kimi insana ziyan gətirər. Cəmiyyətdə baş verən bir çox problemlərin kökündə ya ifrat durur, ya da təfrit. İnsan hər bir sahədə ictimai, iqtisadi, ailə məsələlərində mötədil olmalıdır.

Din alimləri gecə-gündüzlərini bir neçə hissəyə bölərlər. Bir hissəsini ibadətə, bir hissisəsini təəfəkkürə, bir hissəsini mütaliəyə, bir hissəsini istirahət üçün ayırarlar. İnsan bədəninin istirahətə ehtiyacı vardır. Bədən ehtiyacı olduğu qədər istirahət etməzsə, iş görmə qabiliyyətini əldən verər.

İmam (ə) həmin məktubun davamında buyurur: "İsrafı burax və iqtisada və mötədilliyə riayət et". Həzrət (ə) bu nurani kəlamında da buyurur ki, insan gərək iqtisadiyyatında da mötədil olsun. İnsan israf etməməli və simic olmamalıdır. Ehtiyacı olduğu qədər ruzi qazanmalıdır. Özünə təzyiq göstərməməlidir.

Ancaq bir çoxları belə düşünür ki, nə qədər bacarırlarsa mal-dövlətini artırmalıdırlar. Haram-halala baxmadan dövlətlənməyi zirəklik hesab edirlər. Amma hədislərdə oxuyuruq ki, haram mal hər qədər çox olsa da, bərəkəti olmaz.

Haram mal insanın həm cisminə və həm də ruhuna mənfi təsir qoyar. Hədislərdə oxuyuruq ki, haram mal insanın sonrakı nəsillərinə də öz təsirini qoyar.

Bəzən mömin insanın nalayiq bir övladı olur. Bəzən Allahla dərdləşir ki, axı mən heç bir övladıma haram tikə yedizdirməmişəm, bəs bu uşaq niyə bu qədər nalayiqdir? Həyat göstərir ki, çox hallarda əcdadının haram və halala riayət etməməsi sonrakı nəsillərdə özünü büruzə verər.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namaz və oruc əhlidir, ancaq evinə şübhəli tikə gətirərsə, malının xumsini verməzsə, əgər əkinçidirsə, zəkatını verməzsə, bu tikə şübhəlidir. O zaman ki, tikəsi şübhəli oldu, əgər namaz qılarsa, ona bənzəyər ki, binanı suyun üstündə inşa edər. Suyun üstündə inşa edilən bina möhkəm olarmı?".