İyulun 1dən hansı depozitlər sığortalı sayılır?
Digərləri 02 İyl 2019 21:24:00 219 0
Bu aydan banka qoyulan milli və xarici valyutadakı depozitlərdə sığortalanan faizin yuxarı həddi dəyişib. Bununla bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qərar verib.
İyulun 1-dən hansı depozitlər sığortalı sayılır?
İyulun 1-dən etibarən, banklarda milli valyutada illik 10 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanmış sayılır. Xarici valyutada isə 2,5 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanır.
Əvvəlki hədd milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz idi.
Məsələn, fiziki şəxs 10 min manatını iyulun 1-dən illik 11 faizlə depozitə qoyarsa, bank müflis olduğu təqdirdə, Əmanətlərin Sığortalanması Fondu bu əmanət üzrə kompensasiya verməyəcək
Əmanətin sığortalanması üçün məbləğ və hesab məhdudiyyəti varmı?
Əmanətlərin Sığortalanması Fondundan BBC News Azərbaycancaya bildirilib ki, məbləğ üçün hər hansı məhdudiyyət tətbiq edilmir.
Yəni, istənilən fiziki şəxs istənilən məbləğdə pul vəsaitini illik 10 faizə qədər depozitə qoyarsa, bank müflis olduğu təqdirdə, o, öz əmanətini tam məbləğdə geri ala biləcək. Çünki bu ilin fevralında qanunvericlik yolu ilə əmanətlərin tam həcmdə sığortalanması bir il müddətinə uzadılıb.
O cümlədən, müştəri eyni bankda ayrı-ayrı depozit hesabı açarsa və iyulun 1-dən etibarən bu məbləğ milli valyutada 10 faizi, xarici valyutada 2,5 faizi keçməzsə, onun bütün depozitləri sığortalanmış sayıılacaq.