Bakıda 61 yaşlı qadında nadir "sınıq qəlb sindromu" aşkarlandı


Digərləri 02 İyl 2019 21:05:00 264 0

Bakıda 61 yaşlı qadında nadir "sınıq qəlb sindromu" aşkarlandı

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təcili tibbi yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.

Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı "ürək parçalanması", "sınıq qəlb sindromu" olan xəstəlik aşkarlanıb.

İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.

Stress mənşəli kardiomiopatiya və ya takotsubo kardiomiopatiyası sol mədəciyin orta və xüsusilə zirvə hissəsinin tamamilə geri dönən tranzitor hərəkət qüsuru (hipokinez və ya akinez) ilə xarakterizə olunan ürək çatışmazlığı sindromudur.