Rüşvət almaqda təqsirləndirilən komandirdən


Kriminal 02 İyl 2019 17:39:00 221 0

Rüşvət almaqda təqsirləndirilən komandirdən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Baxış iclasında təqsirləndirilən K. Həsənov ifadə verib və özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O bildirib ki, hərbi hissədə əsgərləri həftə sonları şəhərə buraxıb. 

K. Həsənov həmin əsgərlərdən hər buraxılış üçün hər əsgərdən 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur. 

K. Həsənov ifadəsində deyib ki, əsgərləri şəhərə buraxan zaman hərbi biletlərini onların özünə verib: "Hərbi hissəyə qayıdanda isə hərbi biletləri təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Belə olan halda növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi, çünki yerdəyişmələr olurdu, yeni əsgərlər gəlir, köhnələr gedirdi. Amma təxminən 70-80 əsgər mənim tabeliyimdə olurdu. Hamısını şəhər buraxılışına mən buraxırdım. Amma heç bir əsgərdən şəhərə buraxılış üçün pul almamışam, başqa zabitlərin də qayıdanda pul almasını eşitməmişəm".