Onu zorlayan qardaşını baltaladığını deyən Alyona ilə bağlı şok faktlar


Kriminal 02 İyl 2019 16:19:00 339 0

Onu zorlayan qardaşını baltaladığını deyən Alyona ilə bağlı şok faktlar

Son.az xəbər verir ki, bir neçə gün əvvəl oxu.az saytının qardaşı tərəfindən zorlandığını iddia edən, buna görə də onu baltalayan Alyona Baxışovanın həyatı ilə bağlı dərc etdiyi material geniş müzakirələrə yol açıb. Alyonanın cəzaçəkmə müəssisəsində danışdıqları, qətl hadisəsi törətməsinin səbəbləri barədə dedikləri birmənalı qarşılanmayıb, hətta onu yalançılıqda ittiham edənlər də var.

Son.az bildirir ki, belə bir məqamda Bizimyol.info saytı cinayət işinin detallarını əldə edib.

Söhbət 1997-ci il təvəllüdlü, evin ortancıl övladı olan Alyona Baxışovanın Qusarın Rəcət kəndində özündən 4 yaş böyük olan qardaşı Baxışı baltalayıb öldürməsindən gedir. Qardaşının ona təcavüz etdiyini deyən Alyona 2014-cü ildə onu bu səbəbdən öldürdüyünü, meyiti öncə həyətyanı sahədə basdırdığını, bir müddət sonra çıxarıb, bir neçə hissəyə doğradığını və evlərindən xeyli uzaqda yerləşən bostanda basdırdığını deyir.

Belə ki, A.Baxışovanın işini 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər kollegiyası araşdırıb. Məhkəmədə Alyona ifadəsini bir neçə dəfə dəyişib.

Öncə deyib ki, qardaşını öldürməsi haqda ittihamda yazılanlar da, istintaqdakı ifadəsi də yalandır. İddia edib ki, cinayəti törətməsi barədə istintaqdakı ifadəsini təzyiq altında verib:  "İstintaqda ifadə verəndə mənə ciddi təzyiqlər oldu. Dedilər, "qardaşını öldürdüyünü etiraf elə". Mən də eləməyə məcbur oldum. Mən eləməmişəm..."

Məhkəməsi gedərkən hələ 19 yaşı olan Alyona iddia edib ki, qardaşı Baxışı qonşuluqda yaşayan Ələsgər Səlimov öldürüb. Ələsgər də məhkəməyə gəlib. Məlum olub ki, o, ruhi xəstədir, bunu təsdiqləyən həkim sənədi də var.

Alyona məhkəmədə başqa bir ifadəsində isə Baxışı öldürdüyünü təsdiqləyib. Deyib ki, 1993-cü il təvəllüdlü qardaşı hərbi xidmətdən qayıdandan sonra onu tez-tez təhqir edirdi, vururdu, sataşırdı. Qardaşının zoofiliyaya meyilli olduğunu, hətta həyətlərindəki heyvana qarşı da onun nalayiq hərəkətlərini gördüyünü deyən Alyonanın sözlərinə görə, anası da bundan xəbərdar idi.

Alyona məhkəmədə deyib ki, özünü müdafiə etmək məqsədilə Baxışı öldürüb: 

"Getdikcə məni daha tez-tez döyürdü, təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Gecə saat 3-4 arası mənim otağıma girib üstümə cumdu, paltarlarımı çıxarmağa çalışırdı, əlini saçlarıma atdı. Dəmirlə başına vurub həyətə qaçdım. Gizləndim, amma arxamca gəlib məni tapdı. Odun olan yerdən baltanı götürdüm. 

Üstümə gələndə balta ilə başına iki dəfə vurdum, yerə yıxıldı. Bir anlıq ayıldım, qaldım ki, neyləyim. Həyətin küncündə yeri qazıb yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, "SDK"ya işləməyə getmişəm. Hər gün, ya iki gündən bir mesaj yazırdım. Anam, nənəm polisə Baxışın itkin düşməsi barədə ərizə yazmışdı. 

Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxartdım.

Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orada basdırdım. Bu vaxt məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim..."

Bu danışdıqlarından sonra hakimlər onun dediklərinin doğruluğuna şübhə ilə yanaşıblar: 

"Sən bu cinayət baş verəndə yetkinlik yaşına çatmamışdın. Səni kim öyrədib? Düzgün danış. Sən bu boyda cinayəti tək törədə bilməzdin. Kim yardım edib? Sən bu canınla o meyiti necə daşıya bilərdin? Düzgün danış, araşdıraq..."

Alyona bu əməli təkbaşına törətdiyini, heç kimin xəbəri olmadığını təkrarlayıb. Məhkəmədə Alyonanın anası Bacıxanım Baxışova oğlunu heyvana qarşı davranışına görə tənbeh etdiyini təsdiqləyib. Amma o, qızının Baxışı məhz ona təcavüz cəhdinə görə öldürməsi barədə dediklərinin yalan olduğunu bildirib.