Millət vəkili: "Azərbaycanda idmanın uğurlu inkişafı davam edir"


Siyasət 02 İyl 2019 14:09:00 215 0

Millət vəkili: "Azərbaycanda idmanın uğurlu inkişafı davam edir"

"Azərbaycan idmançıları II Avropa Oyunlarında uğurla çıxış etdilər. İdmançılarımızın əldə etdikləri nəticələr göstərir ki, ölkəmizdə idmana diqqət və qayğı yüksək səviyyədədir. İdmançılarımız 5 qızıl, 10 gümüş, 13 bürünc medalla "Minsk 2019"u 10-cu pillədə başa vurdu. Bu, Avropanın 50 ölkəsi içərisində uğurlu nəticədir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda idmanın uğurlu inkişafı davam edir və bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədəki uğurlar ildən-ilə artır: "Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir".

Millət vəkili II Avropa Oyunlarında əldə olunan nəticələrə görə idmançılarımızı və məşqçi heyətini təbrik edib, onlara gələcək yarışlarda uğurlar diləyib.

Qeyd edək ki, Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları artıq başa çatıb. Oyunlarda Avropanın 50 ölkəsindən 4 min idmançı medallar uğrunda mübarizə aparıb. Bu yarışlarda ölkəmizi 76 idmançı təmsil edib. Azərbaycan idmançıları oyularda ümumilikdə 28 medal qazanıb. İdmançılarımızın hesabında 5 qızıl, 10 gümüş, 13 bürünc mükafat var.