Sona Əliyeva: "Ermənistan anlamalıdır ki, mövcud statuskvonu saxlamaq onun xeyrinə deyil"


Siyasət 02 İyl 2019 09:11:00 253 0

Sona Əliyeva: "Ermənistan anlamalıdır ki, mövcud statuskvonu saxlamaq onun xeyrinə deyil"

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 20-də keçirilən Vaşinqton görüşündən bir müddət ötməsinə baxmayaraq, bu məsələ hələ də ictimai müzakirə mövzusu olaraq qalır. Aydın görünür ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesi ilə bağlı addımları diqqətlə izləyir. Əlbəttə ki, bu, münaqişənin həlli istiqamətində ölkə vətəndaşlarını maraqlandıran ən birinci məsələdir".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Deputat bildirib ki, yanvarın 15-də keçirilən Paris görüşündə nazirlər "xalqların sülhə hazırlanması" ilə bağlı razılığa gəlmişdi və bu, münaqişənin həlli üçün konkret addımların başlanğıcı hesab olunurdu:

"Çətin bir proses olmağına baxmayaraq, Azərbaycan tərəfi bu məsələ ilə bağlı addımlar atmağa, sülh şəraitində münaqişənin həlli istiqamətində bütün öhdəlikləri yerinə yetirməyə hazır idi.

Bəs, nə baş verir? Azərbaycan tərəfinin səylərinə baxmayaraq, hələ də Ermənistan tərəfi konstruktiv danışıqlara getməyə və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Halbuki Düşənbədə əldə olunan razılığa əsasən, tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Əksinə, Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu, daha sonra iyunun 9-da daha bir şəhid verdik, üstəlik erməni tərəfi bu cinayəti törədənə medal verdi.

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Bunlarla bərabər, Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum cəhdi olundu. Həmçinin Vaşinqton görüşündən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın "müharibə hələ bitməyib" açıqlaması isə onu deməyə əsas verir ki, Paşinyan beynəlxalq təşkilatlar qarşısında tamamilə başqa performans göstərir. Eyni zamanda o, hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini pozmaq və ya başqa istiqamətlərə yönləndirmək siyasəti yürüdür".

S.Əliyeva qeyd edib ki, artıq uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyanatları görməzdən gəlir və sülh çağırışlarını qulaqardına vurur:

"Üstəlik münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri-müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan və həyasızlıqdan başqa bir şey deyil. Hər bir halda Ermənistan tərəfi anlamalıdır ki, mövcud status-kvonu saxlamaq və vaxt qazanmaq onun xeyrinə deyil. Çünki zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır. Üstəlik Ermənistanın daxili siyasətində olan qeyri-stabillik və gərginlik davam edir. Təcrübəsiz və hesablanmamış qərarlar Dağlıq Qarabağdakı qondarma rejimlə mövcud iqtidar arasındakı münasibətləri daha da gərginləşdirir.

Hər bir halda qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi danışıqlarda iştirakı mümkünsüzdür. Bu istiqamətdə qarşı tərəfin uğursuz cəhdləri danışıqların faktiki strukturunu dəyişmədi. Lakin Minsk qrupunun təşkilatçılığı ilə baş tutan görüşlərdə də Ermənistanın iküzlü davranışları əsaslı danışıqlara, münaqişənin nizamlanmasına imkan vermir. Sözdə bir, əməldə başqa olan işğalçı dövlət öz erməni xislətindən və mənfur niyyətindən əl çəkə bilmir. Buna baxmayaraq, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır, bu münaqişə istər hərb, istər sülh yolu ilə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır".