Sürgünlərdə keçən ömür


Digərləri 01 İyl 2019 20:04:00 223 0

Sürgünlərdə keçən ömür

Son.az Modern.az-a istinadən Almas İldırım haqda xatirələri təqdim edir.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil. Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.  Keçən əsrin əvvəllərində alovlanan I Dünya Müharibəsi məğlub dövlətlərin və dağılmaq təhlükəsi (rus tarixində vətəndaş müharibəsi olaraq xatırlanır) ilə üz-üzə qalan Rusiyanın yerində yeni milli dövlətlərin yaranması həyəcanı ilə davam etdi. Azərbaycanın zəngin və ziyalı təbəqəsi də bu siyasi proseslərdən kənarda qalmayaraq, vətən torpaqları üzərində milli hökümətin yarandığını elan etdi. Təəssüf ki, milli dövlətimizin ömrü uzun sürmədi. Çar Rusiyasının sərhədlərini bərpa etməyə başlayan bolşeviklər Azərbaycanı da istila etdikdən sonra buradakı milli düşüncə sahibi olan insanlara qarşı illərlə repressiv tədbirlər görməyə başladılar.  Almas İldırım da bu düşüncə cəbhəsindən olduğu üçün "kampaniya"dan kənarda qala bilməzdi. Ürəyi doğma yurdu ilə döyünən gənc şairin fikirləri o dövrün acı sitəminə tuş gələrək, vətəndən didərgin salınması ilə nəticələndi. O, öz idealı uğrunda mücadilənin sonunda doğma ocağından uzaqlaşdırılmış nakam şairimizdir.

Əsl adı Əbdülhəsən Almaszadə olan Almaz İldırım 1907-ci il martın 24-də Bakı yaxınlığındakı Qala kəndində kiçik təsərrüfat sahibi olan Əbdülməhəmməd kişinin ailəsində anadan olmuşdu. İbtidai təhsilini İran hökümətinin Bakıda açdığı "İttihad" məktəbində almışdı. Burada dərslər Azərbaycan dili ilə yanaşı, fars dilində də keçirilirdi. Bu səbəbdən məktəbi bitirdikdən sonra fars dilini mükəmməl şəkildə bilirdi. Ağır təbiətli, mehriban və səmimi insan olan gənc Almas İldırım elə ilk şeirlərini bu məktəbdə oxuduğu illərdə yazmağa başlamışdı.

Gənc Almas 1925-ci ildə "İttihad" məktəbini bitirdikdən sonra təhsilini Abdulla Şaiqin 1918-ci ildə təsis etdiyi gimnaziya tipli "Şaiq Nümunə Məktəbi"ndə davam etdirib. Məktəbin təsisçisi Abdulla Şaiq, direktoru Qafur Əfəndiyev (Qantəmir) ilə yanaşı, Seyid Hüseyn, Hüseyn Cavid, Əhməd Cavad və Cəfər Cabbarlı kimi görkəmli ziyalılarla ünsiyyətdə olması, onların əsərlərini mütaliə etməsi gənc şairin bədii yaradıcılığına böyük təsir edir. Xüsusən, incə ruhlu, həssas qəlbli Əhməd Cavad Almas İldırımın diqqətini daha çox cəlb edirdi və gənc şair onu özünə ustad sayırdı. O, yazdığı şeirlərdə ustadından əxz elədiyi üslubu qoruyub saxlamağı bacarır.

Əsmə, ey sabah yeli, böylə müxalif əsmə,

Tellərini pozduğun o sevdalı yar mənim.

Söz verdim gələcəyəm, gəl də, yolumu kəsmə,

O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim.

Bakı ədəbi mühiti ilə sıx bağlı olan Almas İldırım şeirlərini müntəzəm olaraq dövrü mətbuatda dərc etdirirdi. 1926-cı ildə gənc şairlərdən Süleyman Rüstəmlə birgə "Dün bugün" adlı şeir kitabının müəllifi olurlar. Həmin kitab Almas İldırımın da üzv olduğu Qızıl Qələmlər İttifaqı tərəfindən çap olunur və gənc şairin altı şeiri ("Hindli qız", "Şərqə", "Yarın", "Ey Hindistan", "Nəriman", "Qərbə")bu kitaba daxil edilir.

Almas İldırım iştirak etdiyi ədəbi yığıncaqlarda öz fikirlərini açıq şəkildə bildirərək, milli düşüncə sahibi olduğunu hər daim qorxmadan nümayiş etdirirdi. Elə bu məziyyətlərinə görə, 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsinə daxil olmuş gənc şair qısa bir müddətdən sonra universitetdən xaric edilir. Səbəb kimi onun tacir oğlu olduğu göstərilir. Halbuki, Əbdülməhəmməd kişi Çəmbərəkəndə köçdükdən sonra xırda ticarətlə məşğul olaraq ailəsini çətinliklə də olsa, dolandırmağa çalışırdı. Digər tərəfdən rejim onun şeirlərinin 1926-cı ildə İstanbulun ədəbi dərgisi olan "Həyat"da çap olunmasını hələ də unutmamışdı.

Bir müddət ruh düşkünlüyünə qapılan şair qəddini düzəltməyi, yenidən ədəbi istedadını göstərməyi bacarır. 1928-ci ildə Qızıl Qələmlər İttifaqı Azərbaycan Proletar Yazıcılar Cəmiyyəti ilə əvəz olunur. Almas İldırım bu yeni təsis olunmuş cəmiyyətə könülsüz də olsa, qoşulur. Ancaq bolşeviklər tərəfindən yaradılmış cəmiyyətin qayəsinə kor-koranə uymayan bir çox vətənsevər və millətsevər ədiblər kimi gənc Almas İldırım da "cığırdaş" elan olunur və etdiyi "millətçi" çıxışlarına görə 1928-ci ildə Dağıstana sürgün edilir.

A.İldırım iki illik Dağıstan həyatında pedaqoji fəaliyyətlə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur. Burada yazdığı şeirlərini "Dağıstan füqərası"qəzetində çap etdirir. Hər zaman şeirlərində öz nisgilini bildirən şair anasına yazdığı şeirdə də gileyini dilə gətirir:

Deyirlər mənə ki, genə hər axşam,

O titrək əllərin razi-niyazda.

Bilirəm yolumu gözlədiyini,

Mən gələ bilmədim sənə bu yaz da...

İki ildən sonra, 1930-cu ildə sürgündən Bakıya qayıdan Almas İldırım "Dağlar səslənərkən" adlı şeir kitabını "Azərnəşr"də çap etdirir. Əsasən sürgündə yazılmış şeirlərin toplandığı kitab senzuradan keçmir, mağaza və kitabxanalardan yığışdırılaraq, yayılması belə qadağan olunur. Gənc şair Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən də xaric edilərək, yenə də sürgün olunur. Bu dəfə Türkmənistana...

Almas İldırım Dağıstanda olduğu kimi, Türkmənistanda da pedaqoji fəaliyyətini davam etdirir. Sürgün olunmuş azərbaycanlı ailələrin uşaqları üçün Aşqabadda açılmış məktəbdə dərs deməyə başlayır. Bundan əlavə, yerli radio və mətbuatla sıx əməkdaşlıq edir. "Zəhmət" və digər qəzetlərdə şeirləri və məqalələri dərc olunur. Yerli xalqla qaynayıb-qarışan gənc şair burada da rahat nəfəs ala bilmir. Daim Baş Siyasi İdarə agentlərinin nəzarətində olması, təqib edilməsi onu bezdirir. Şair qurtulmağın tək çarəsini İrana köçməkdə görür. 1933-cü ilin yayında o, həyat yoldaşı Zivər xanımı və üç aylıq oğlu Azəri də götürərək, gizli və bir o qədər məşəqqətli olan səfərə çıxır. Sərhədə çatdıqları zaman İran sərhədçiləri onu həbs edirlər. İran polisi onu bolşevik agenti zənn edərək, bir ay ərzində min türlü işgəncələrə məruz qoyur. Nəhayət, Tehrandan verilən göstəriş ilə azad olunan şair ailəsi ilə birgə Məşhəddə yerləşdirilir.  Beləliklə, şairin mühacirət həyatı başlayır. Ancaq İran mühiti onu çox sıxır. Maddi və mənəvi iztirabların altında əzilən şair şeirlərində həyatından belə şikayətlənir:  

Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına