İrlandiya loukosteri Gürcüstana reyslər açacaq


Dünya 01 İyl 2019 19:27:00 259 0

İrlandiya loukosteri Gürcüstana reyslər açacaq

İrlandiyanın "Ryanair" aviaşirkəti 2020-ci ildə Gürcüstana birbaşa aviareyslər aça bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqılı inkişaf naziri Natiya Turnava məlumat verib.

Nazir bildirib ki, "Ryanair" şirkətinin Gürcüstan bazarına daxil olması turizmin inkişafına müsbət təsir göstərəcək. Belə ki, İrlandiya şirkətinin Avropada çox böyük müştəri bazası var.

Nazir qeyd edib ki, aviaşirkət və ölkə rəhbərliyi hazırda uçuşların istiqamətlərinin razılaşdırılması üzrə danışıqları davam etdirirlər: "Biz ölkəyə daha çox turist axınının cəlb olunmasına kömək edəcək yeni istiqamətlər üzrə reyslərin açılmasına daha çox diqqət yetirməliyik. Ümid edirəm ki, 2019-cu ilin sonuna qədər danışıqları sona çatdıracağıq və 2020-ci ildən uçuşlar başlayacaq".

Qeyd edək ki, "Ryanair" Avropanın ən böyük sərnişindaşıma şirkətlərindən biridir. Şirkət hər il dünyanın 37 ölkəsinə 224 istiqamət üzrə uçuşlar həyata keçirməklə, 139 milyon insana xidmət edir. Şirkətin 13 min əməkdaşı var.