UNESKO-nun Baş direktoru: Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə malikdir


Digərləri 01 İyl 2019 18:18:09 169 0

UNESKO-nun Baş direktoru: Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə malikdir

Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir.

Bakı. Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Trend-in məlumatına görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində UNESKO-nun Baş direktoru Odre Azule çıxışı zamanı deyib. UNESKO-nun Baş direktoru bildirib: "Bu gün biz Bakı şəhərinə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına toplaşmışıq. Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb, yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq. Artıq biz yeni minillikdə, belə möhtəşəm sarayda – memar Zaha Hadidin dizaynına, onun üslubuna uyğun yaradılmış bir sarayda toplaşmışıq. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış bu şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm. Çünki biz hər il xüsusi bir an yaşayırıq. Dünya miqyasında biz öz toplantımızı təşkil edərək, burada müxtəlif namizədlikləri nəzərdən keçiririk. Biz UNESKO olaraq multilateralizm mövqeyindən çıxış edərək ümumi arzularımızı ifadə edirik. Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir. Bu gün biz müzakirə edəcəyimiz məsələlərin siyahısını hazırlamışıq. Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün bir məqsədlə toplaşmışıq ki, universal dəyərə malik olan sahələr haqqında söhbət aparaq. Son zamanlar biz Rio muzeyində, həmçinin Parisdəki Notr-Dam kilsəsində dağıdıcı yanğınların şahid olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər həssas vəziyyətlərlə üzləşir. UNESKO ilk cərgələrdə gedərək beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun. Xanımlar və cənablar, hörmətli Ümumdünya İrs Komitəsinin üzvləri, bu gün siz konvensiyadan çıxış edərək öz fəaliyyətinizi aparacaqsınız. Sizin hamınıza rəsmi məktubumuzu ünvanlamışıq ki, biz burada bərabərlik nöqteyi-nəzərindən çıxış etməliyik. Biz əldə etdiyimiz nəticələri çoxaltmalıyıq. Biz tam zəmanət verməliyik ki, gələn 10 gün ərzində birgə işləyək, müzakirələr aparaq. Elə nailiyyətlər əldə edək ki, dünya mədəni irsi öz müxtəlifliyi ilə qorunsun, saxlanılsın. Bu baxımdan hər bir kəs - istər azlıq, istər çoxluq universal dəyərlərə öz töhfəsini verməlidir. UNESKO bu yaxınlarda Mosul şəhərində saraylardan birində böyük bir toplantı keçirdi. Orada dağıntıya məruz qalmış, lakin tarixi əhəmiyyətə malik olan abidələrlə bağlı geniş müzakirələr aparıldı. Biz gördük ki, bunun çox böyük təsiri oldu. Biz, həmçinin bu ruhda vasitəçilik missiyası ilə Yaxın Şərqdə çıxış etmişik. Bunun sayəsində bizim İcraiyyə Şuramız, hər hansı bir komitəyə daxil olan qurum öz səylərini göstərir. Mən İsrail, İordaniya və Fələstin nümayəndə heyətlərinə təşəkkürümü bildirirəm ki, onlar dialoqu bərpa etmək üçün özlərində güc tapdılar. Qarşımızda bu gün elə layihələr var ki, o layihələr hamı tərəfindən bölüşülür və qəbul edilir. Hesab edirəm ki, atılan belə əhəmiyyətli addımlar bundan sonra da davam etdirilməlidir və onlar universal mədəni irsin qorunmasına yönəlməlidir. Qeyd etdiyimiz mədəni irs haqqında, onun qorunması ilə bağlı Konvensiya bizim hamımıza nəinki fayda gətirir, o, həmçinin bizim bu sahədə apardığımız elmi araşdırmalara bir istiqamətdir. Bu gün bu sahədə qəbul edilən qərarlar ekspert biliklərinə, həmrəyliyə, dialoqa əsaslanır. Əminəm ki, siz yaxşı mühitdə konsensus əsasında müxtəlif məsələlərlə bağlı müsbət həll variantlarını tapa biləcəksiniz. Mən istərdim ki, bizim fəaliyyətimizə inam olsun, bu fəaliyyət universal xarakter daşısın. Bildiyiniz kimi, öz uzun tarixinə, öz təbii və mədəni irsinin müxtəlifliyinə baxmayaraq, Afrika qitəsi yenə də zəif şəkildə təmsil olunur. İstərdik ki, onların mədəni irsi daha yaxşı şəkildə qorunsun və təmsil olunsun. Bu, bizim ümumi tarixdə öz izini qoyacaq. Beynəlxalq həmrəylik daha yüksək sürətlə formalaşdırılmalıdır. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu məqsədlər üçün dünya səviyyəsində dəstəyi formalaşdıra bildik. Xanımlar və cənablar, biz üzərimizdə bu öhdəliyi hiss edirik. Bu, dünya mədəni irsinə aiddir. Əfqanıstanda, Yəməndə, Suriyada, İraqda və bir sıra digər yerlərdə misallar var. Qürur hissi ilə bildiririk ki, bizim aramızda həmrəylik qurulub. Bu, müxtəlifliyin qorunmasına yönəldilib. Dünya mədəni irsi, həmçinin hədəf kimi də seçilə bilər, qeyri-düzgün şəkildə idarəçiliyə məruz qala bilər. Mədəni və təbii irsin qorunması ilə bağlı Konvensiya ola bilsin ki, dünyada ən çox tanınan normativ hüquqi sənəddir. Normativ hüquqi sənəd olaraq o, bizim hamımızın üzərinə vəzifə və eyni məqsəd qoyur ki, biz yüzlərlə abidəni artıq məlum olan təcrübələr əsasında qorumalıyıq və mühafizə etməliyik. Bu fürsətdən istifadə edərək mən dünya əhalisinə, xüsusən də gənclərə səslənirəm. Qeyd etmək istəyirəm ki, onlar bütün proseslərə qatılmalıdırlar. Nəinki bu işləri aparmalıdırlar, həmçinin bu sahədə təşviqat işlərində iştirak etməlidirlər, təhsillərini daha da artırmalıdırlar. Bununla bağlı bizdən konkret tədbirlərin görülməsi tələb olunur. Çünki tarix onu göstərib ki, biz bu sahədə dayanmadan işləməliyik". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin