"Gələcəyin şəhəri" Neomun aeroportuna ilk reys həyata keçirildi


Digərləri 01 İyl 2019 17:04:00 234 0

"Gələcəyin şəhəri" Neomun aeroportuna ilk reys həyata keçirildi

Səudiyyə Ərəbistanının Saudi Airlines aviaşirkəti Qırmızı dənizin sahilində yerləşən "gələcəyin şəhəri" Neomun aeroportuna ilk reysi həyata keçirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin hakimiyyət orqanları Misir və İordaniya ilə sərhədin yaxınlığında yerləşən hava limanını regionda ən əhəmiyyətli aeroportlardan biri hesab edirlər.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsinin icraçı direktorunun köməkçisi Süleyman əl-Bassam bildirib ki, 3,6 min kvadratkilometr sahəyə malik hava limanı ölkənin iqtisadi inkişafına imkan yaradacaq, həmçinin məhsulların idxalı və ixracı üçün müasir logistika meydançası olacaq. Onun sözlərinə görə, əhalinin 70 faizi bu regiona hava məkanı ilə ən azı 8 saat ərzində çatacaq.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən qlobal innovasiyalı kurort şəhəri Neomun yeni layihəsi təqdim olunub. Ölkənin hakimiyyət orqanları şəhərin sərbəst iqtisadi zona olacağına və energetika, su ehtiyatları, nəqliyyat, biotexnologiya, ərzaq məhsullarının istehsalı, sənayenin innovasiyalı növləri, tibb, əyləncə, rəqəmsal texnologiya kimi yüksəktexnoloji biznes sektorlarından gələn mədaxildən istifadə olunmaqla inşa ediləcəyinə söz verirlər. Şəhər bərpaolunan mənbələrdən yaradılan elektroenergetika sistemi ilə təchiz ediləcək.

Meqalayihə birbaşa üç dövlətin - Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın ərazisində onlarca yeni müasir dəniz kurortlarının yaradılmasını nəzərdə tutur.