Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb


Digərləri 01 İyl 2019 14:39:00 253 0

Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb

Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıdakı xəstəxanalardan birinin Təcili Tibbi Yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.

Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı "ürək parçalanması", "sınıq qəlb sindromu" olan xəstəlik aşkarlanıb.

İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.