BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü (FOTO)


Digərləri 01 İyl 2019 12:12:22 244 0

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü (FOTO)

“Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib.

Bakı. “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib. Təntənəli tədbirdə universitetin 16 fakültəsi və SABAH qruplarını fərqlənmə diplomu ilə bitirmiş məzunlar dekanları ilə birlikdə zala dəvət ediliblər. Məzunların fakültələrini əks etdirən simvollarla gəlişi böyük maraqla qarşılanıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müvafiq qurumların nümayəndələrinin, rektorların, millət vəkillərinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi 100 il ərzində dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib və ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. Ulu öndərin təhsilə daim böyük önəm verdiyini, ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb və Parisdə UNESCO-nun baş qərargahında universitetin yubileyinin yüksək səviyyədə qeyd edildiyini bildirib. Müasir dünyada elmin, təhsilin mühüm rolundan, BDU-nun bu sahənin inkişafında müstəsna xidmətlərindən danışan nazir, bu il universiteti bitirən 5 minə yaxın tələbəyə gələcək həyatlarına uğurlar arzulayıb. BDU-nun rektoru Elçin Babayev universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına əminliyini bildirən rektor onları təbrik edib, uğurlar arzulayıb. Məzunlara müraciətlə bildirib ki, “Bakı Dövlət” Ailəsinin üzvü olmağınızla daim fəxr edin, bizləri, bir-birinizi unutmayın. Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov ölkəmizdə təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, məzunlara tövsiyələrini verib. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavr səviyyəsinin məzunu və bu il həmin fakültənin magistratura səviyyəsinə qabul olmuş 18 yaşlı magistrantı Turanə Tağıyeva və Kimya fakültəsinin magistrı Əlibala Əliyev çıxış edib, gənclərin təhsilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.