TANAP bu gündən Avropaya qaz nəqli üçün tam hazırdır


Digərləri 01 İyl 2019 11:43:00 259 0

TANAP bu gündən Avropaya qaz nəqli üçün tam hazırdır

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

SOCAR-dan Son.az-a verilən məlumata görə, dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarxindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib.

"Şahdəniz 2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. 2019-cu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: "Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin möhtərəm prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik.

Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olmuşdur. Bu hadisə başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və qardaş Türkiyənin möhtərəm Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur."


Xəbərə aid fotolar