Bakı Ali Neft Məktəbinin tələbələri xaricdə ixtisasartırma kurslarına göndəriləcək (FOTO)


Digərləri 01 İyl 2019 10:21:00 204 0

Bakı Ali Neft Məktəbinin tələbələri xaricdə ixtisasartırma kurslarına göndəriləcək (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Technip FMC” şirkətinin Azərbaycan üzrə meneceri Luigi Fiorentino, şirkətin ofis meneceri və layihələr üzrə koordinatoru Səbinə Abbasova və BANM-in məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı BANM-in xarici şirkətlər və universitetlərlə qurduğu əməkdaşlıq, Ali Məktəbin tələbə və məzunlarının qazandığı uğurlar, professor-müəllim heyətinin dərslərə yanaşma tərzi və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparılıb. Görüşdə Heydər Əliyev Fondunun Technip FMC şirkətinin Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi “Texnoloji biliklərin ötürülməsi üzrə magistratura proqramı” layihəsindən bəhs olunub. BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnun olduğunu ifadə edib. Daha sonra rektor BANM tələbələrinə göstərdiyi etimada görə Heydər Əliyev Fondunun və “Technip FMC” şirkətinin nümayəndələrinə təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov layihəyə verdiyi dəstəyə görə rektor Elmar Qasımova təşəkkür edərək vurğulayıb ki, Ali Məktəbin tələbələri hər yerdə yüksək təhsil, bacarıq və davranışı ilə seçilir və ona görə layihə üçün seçimlərdə BANM tələbələri nəzərdə tutulub.