Dövlət Reklam Agentliyinin direktoru: "Apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər" MÜSAHİBƏ


Digərləri 01 İyl 2019 07:48:00 244 0

Dövlət Reklam Agentliyinin direktoru: "Apteklər istəyirlər ki, hər tərəfə reklam vursunlar, ancaq rüsum ödəməsinlər"  MÜSAHİBƏ

Son.az Azərbaycan Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadovun Trend İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:

- Aydın müəllim, bu gün Azərbaycanda açıq məkanda reklam mühitini necə dəyərləndirirsiniz? Qənaətbəxş hesab etmək olar, yoxsa hələ müəyyən işlər görülməlidir?

- Əlbəttə, reklam sahəsində hələ işlər görülməlidir. Dövlət Reklam Agentliyi iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində çox böyük işlər görülüb. Hazırda cənab Prezident İlham Əliyevin fərmanına əsasən, reklam sahəsində vahid tənzimləmə işləri aparılır.

Əvvəllər Azərbaycanda üç reklam qurumu var idi. Həmin qurumlar icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərirdi. Ancaq hazırda Dövlət Reklam Agentliyi müstəqil bir qurumdur, heç bir quruma tabeliyi yoxdur və bütün tənzimləmə işləri bizə həvalə olunub.

Hazırda Dövlət Reklam Agentliyinin yeddi regional idarəsi var. Hər regional idarəyə təxminən 5-10 rayon daxildir və bütün ölkə üzrə reklam sahəsində vahid tənzimləmə həyata keçirilir.

- Məlumdur ki, rəhbərlik etdiyiniz Agentlik yaranana qədər açıq məkanda reklam sahəsində kifayət qədər nöqsan, problem mövcud olub. Bu gün Agentlik hansı nöqsanları aradan qaldırıb və cari problemlər hansılardır?

- Bu gün reklam sahəsində əsas nöqsanlardan biri qeydiyyatsız reklamlardır. Görünüşcə şəhər mühitinə uyğun olmayan reklamlar və Azərbaycan dilinin düzgün istifadə olunmaması da reklam sahəsində mövcud olan əsas problemlərdəndir.

Biz çalışırıq ki, bu üç istiqamətdə nöqsanları aradan qaldıraq. Obyektlərin sayı çoxdur. Yalnız Bakı şəhərində 22 min satış nöqtəsi, digər obyektlər və 50 mindən çox reklam lövhəsi var. Elə obyektlər var ki, bir neçə reklam lövhəsi yerləşdirir. Bunun hamısını əhatə etmək asan məsələ deyil, o qədər müfəttişlərimiz yoxdur. Ona görə də müasir informasiya texnologiyalarından istifadə edirik. Bunun üçün "street view" sistemindən istifadə etməklə "360 dərəcədə təsbit" texnologiyasını tətbiq etməyə başladıq. ABŞ-da bu cihazı istehsal edən şirkəti tapdıq. Həmin cihaz avtomobilin üzərinə quraşdırılır, avtomobil hərəkətdə olarkən ətrafdakı açıq məkanlardakı reklamları müəyyən edir, onun ölçülərini, növünü, zonasını aydınlaşdırıb sistemə salır. Yəni bu cihaz agentliyin işini xeyli asanlaşdırır. Müfəttişlər vaxt sərf edib hər obyektə getmirlər, yalnız cihazın nöqsan müəyyən etdiyi yerlərə gedirlər.

Digər bir cihazımız isə hündür yerlərdə olan reklam lövhələrinin ölçüsünü, növünü müəyyənləşdirir və onu sistemə daxil edir. Bu cihazlar ilk növbədə şəffaflığı təmin edir. Yəni heç kimdən heç nə tələb olunmur, müfəttiş heç obyektə də yaxınlaşmır, kənardan reklamın fotosu çəkilir və qeydiyyata salınır. Biz, eyni zamanda ASAN xidmətlə, Vergilər Nazirliyi ilə informasiya mübadiləsi aparırıq.

Artıq elə bir sistem yaratmışıq ki, istənilən bir mağaza haqqında məlumatlar, o cümlədən onun zonası, reklam lövhəsinin ölçüsü, rüsumu, sahibinin adı, VÖEN-i, şirkətin adı və digər məlumatları görə bilirik. Bizim məqsədimiz ölkədə fəaliyyət göstərən bütün obyektləri bu cür qeyiyyata salıb reklam bazarının dəyərini müəyyənləşdirməkdir.

Biz çalışırıq ki, sahibkarları incitməyək, ona görə də bizim müfəttişlərimiz daim sahibkarlarla təmasda olur, maarifləndirmə işləri aparırlar. Çünki qanun var və hər şey qanun çərçivəsində həll olunur.

- Siz də qeyd etdiniz, reklam sahəsində ən ciddi nöqsanlardan biri də Azərbaycan ədəbi dilinin normalarının pozulması, reklamlarda əcnəbi sözlərdən istifadədir. Bu sahədə hazırda vəziyyət necədir və bunun aradan qaldırılması üçün hansı işlər aparılır?

- Azərbaycan dili ilə bağlı biz dilçilərlə münasibətdəyik, mən özüm də Dövlət Dil Komissiyasının üzvüyəm. Biz bu məsələnin üzərində işləyirik. Pozuntular olur, biz xəbərdarlıq edirik ki, dəyişdirilsin. Ancaq deyim ki, ədəbi dilin normalarının pozulması halları xeyli azalıb. Vətəndaşlar da bu işdə bizə xeyli kömək edirlər. Onlardan məktublar gəlir ki, filan yerdə Azərbaycan dilində düzgün olmayan sözlər yazılıb. Biz dərhal məsələni nəzarətə götürürük və nöqsanı aradan qaldırırıq.

Əcnəbi sözlərdən istifadəyə gəlincə, buna qanun çərçivəsində icazə var. Qanunda yazılıb ki, əcnəbi dildə reklam ola bilər, ancaq əcnəbi dildə reklam Azərbaycan dilindən sonra gəlməlidir və Azərbaycan dilində olan reklam əcnəbi dildə olan reklamdan böyük olmalıdır.

- Reklam rüsumları hansı qaydada tənzimlənir?

- Rüsumlar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli fərmanı ilə təmzimlənir. Bu fərmanda reklam yerləşdirmə qaydaları və odəniləcək haqqın məbləği müəyyən olunub.

Qeyd edim ki, reklama görə ödənişlər onun növü, ölçüsü və yerləşmə yerindən asılı olaraq dəyişir. Bu da sahibkarlara imkan yaradır ki, büdcələrinə uyğun reklam yerləşdirsinlər və heç kimdən artıq ödəniş tələb olunmur.

Bu, bütün dünyada belədir. Qeyd edim ki, Azərbaycanda reklam rüsumları başqa ölkələrlə müqayisədə çox aşağıdır. Reklam rüsumları əraziyə görə dəyişir. Bakıda üç zona var və o zonalar da kateqoriyalara bölünüb. Bu kateqoriyalar üzrə qiymətlər standartdır, ancaq əmsallar dəyişir. Mərkəzi küçələrdə əmsal daha yüksəkdir, digər ərazilərdə isə kiçikdir. Regionlarda isə reklam rüsumları Bakıdakı rəqəmlərlə müqayisədə kiçikdir.