20 qəpiklə işə başladı, indi iki şirkət sahibidir Uğur hekayəsi FOTO


Digərləri 01 İyl 2019 07:21:00 257 0

20 qəpiklə işə başladı, indi iki şirkət sahibidir  Uğur hekayəsi  FOTO

Adil Abdullayev: "Təcrübə qazanmaq, müəyyən reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Öz işini qurub müəyyən bir yerlərə gətirməkdən danışanda "biz" deyir. Çünki işin uğurlu olmasının tək bir adamdan deyil, komandadan asılı olduğunu düşünür. Komandaya işçi cəlb etmə zamanı isə kadrın savadından öncə sadiqliyinə baxmaq lazım olduğunu qeyd etdi. Öz təcrübəsindən danışanda bildirir ki, biznesdə zaman-zaman çətinliklərlə üzləşiblər və o mərhələləri sadiq insanların köməyi ilə aşıblar. "Mənə görə insanın savadından əvvəl sadiqliyinə baxmaq lazımdır" deyən müsahibimiz "Technolink" (Azərbaycan, Türkiyə və Dubay) və "Qmeter" (Dubay) şirkətlərinin qurucusu Adil Abdullayevdir.   Qeyd edək ki, A.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika üzrə bakalavr təhsili alıb. Neft və Sənaye Universiteti ilə "Amerikan State Georgia University"nin müştərək proqramında isə əməliyyatların idarə olunması ixtisasını MBA üzrə oxuyub.

- Adil bəy, bu gün karyeranızda əsas hissəni qurduğunuz şirkət, onun idarəsi tutur. Amma biz söhbətə ümumi iş həyatına atıldığınız dövrdən başlayaq.

- Birinci kursun ikinci semestrindən artıq fərdi olaraq işləməyə başlamışam. O zaman kompüterlər ölkəmizdə yeni-yeni inkişaf edirdi və mənim də müəyyən İT biliklərim var idi. Kompüter ustası kimi işləyirdim, proqram təminatını sazlamaq, xarab kompüterləri düzəltmək və s. kimi işlər görürdüm. 4-cü kursda isə şəhərdəki mağazalardan birində satıcı kimi fəaliyyətə başladım. Qısa zamanda orda da yaxşı nəticələr göstərmişdim. Fərdi fəaliyyətim yenə də davam edirdi. Hətta müxtəlif şirkətlərlə razılığım var idi, onlardan kompüter alıb əldə satırdım. Üstəlik, bir müddət özümdən yaşca kiçiklərə aylıq ödəniş qarşılığında kompüterlə bağlı dərs keçirdim. Tələbəlik vaxtı mütəmadi olaraq işləmişəm. Boş qalmırdım, hər gün işləməyə nə isə tapırdım.

- Birinci kursda işləməyinizin səbəbi nə idi: təcrübə, yoxsa maddi təminat?

- Birincisi, işləmək mənim üçün maraqlı idi, özümü İT sferasında inkişaf etdirmək istəyirdim. İkincisi, ailəmizdə belə dəyər var idi ki, hər kəs tələbəlik dövründə mütləq bir işlə məşğul olub. Uşaqlıqdan məndə belə bir fikir formalaşmışdı ki, işləmək lazımdır. Üçüncüsü, tələbə çalışırsa, maddi tərəfi də düşünür. Ailə kömək edirdi, yol xərcimi və bulka pulumu verirdilər (Gülür). Ancaq adam azad yaşamaq, maddi cəhətdən özünü təmin etmək də istəyir. Hər bir faktorun öz yeri var idi, amma əsas olan karyeramın təməlinin düzgün qoyulması idi. Universiteti bitirəndən sonra iş həyatına hazır olmaq istəyirdim.

- Tələbə vaxtı aylıq qazancınızla özünüzü tam təmin edə bilirdiniz?

- Mən müstəqil fəaliyyət göstərirdim, fərdi olaraq iş götürüb çalışırdım. Məbləğ olaraq tam yadımda deyil, amma qazandığım pul indi bir çox işçilərin orta səviyyədə aldığı məvacibə bərabər idi. Özümü tam idarə edirdim, təhsil haqqımı ödəyə bilirdim. Bir subay gəncin yaşaması üçün yetərli qədər qazanırdım. 

- İş həyatına hazır olmaq üçün tələbə vaxtı çalışdığınızı dediniz. Universitetdən sonra iş tapmaq probleminiz olmadı ki?

- Qətiyyən, universiteti bitirəndə bir şirkətdə işləyirdim, işdən çıxıb hərbi xidmətə getdim. Qayıdandan 3 gün sonra həmin şirkətin yeni yaranan bir bölməsində işə başladım.

- Öz işinizi qurmamışdan öncə nə qədər işçi kimi çalışdınız?

- Təxminən üç il. Bir il işləyəndən sonra 2006-cı ildə artıq birinci layihəmə start vermişdim. Onlayn yemək sifarişi işi idi, myfood.az saytını yaratmışdıq. Səhv etmirəmsə, Azərbaycanda onlayn xidmət göstərən ilk şirkət idi. Layihə normal qurulmuşdu, böyük şirkətlərin işçilərindən mütəmadi sifarişlər alırdıq. Sonra müəyyən daxili məsələlərə görə onu bağladıq. Başqa yerdə çalışa-çalışa bu işi qurmuşdum. 2 il həmin şirkətdə işlədim, sonra bir müddət Rusiyada yaşadım. 2009-cu ildə Azərbaycana döndüm və həmin il aprel ayında "Technolink"i ölkəmizdə təsis etdik. Əslində, biz bu şirkəti 2008-ci ildə qurmalıydıq, amma mən Rusiyaya işləməyə getməli oldum deyə, bir il gecikdi. Maliyyə cəhətdən ehtiyaclarım var idi, ona görə Rusiyaya getdim ki, müəyyən qədər pul qazanıb onları həll edim.

- Rusiyada hansı işlə məşğul oldunuz?

- İT-yə aidiyyatı olmayan sahə idi. Sadəcə, o dönəm belə lazım idi. Fərqli tip insanlarla çalışdım, onların içərisində azərbaycanlılar da var idi, ruslar da. 9 ay Rusiyada çalışdığım müddətdə çox böyük həyati təcrübə qazanmış oldum.

- Hansı sektor idi, maraqlı gəldi?

- (Gülür) Burda gizlin bir şey yoxdur, gül firmasında işləyirdim. Topdan satış işində idxal-ixracla məşğul olurdum. Amma orda ən aşağıdan başladım, anbardar kimi. Sonra artıq digər işlərə keçdim.

- "Technolink"i qurmaq üçün çox maliyyə lazım oldu?

- Rusiyadan qayıdanda burda mənə böyük şirkətlərdən, hətta mobil operatorlardan birindən yaxşı məvacibi olan işlər təklif olundu. Amma mən öz işimi quracağıma inanırdım. Ona görə təkliflərə "yox" deyirdim. Özü də Rusiyadan qayıdanda əlimdə güclü maliyyə də yox idi. Hətta bir ara fikirləşdim ki, bəlkə işləyim, pul yığım, sonra iş qurum. Lakin fikrimi tez də dəyişdim, dedim ki, belə olsa, günü-gündən uzanacaq. Baxmayaraq ki, sonra şirkətlərdə İT mütəxəssisi kimi çalışmışdım, amma mən lap əvvələ, 1-ci kursdakı işlərimə qayıtdım. Fərdi şəkildə kompüter düzəltmək, format etmək kimi işlər görməyə başladım. Bu cür işlərdən pul qazanıb öz biznesimi qurmağa sərf edirdim. 150 manat düzəldib şirkəti qeydiyyatdan keçirmək məsələlərini həll etdim. O 150 manatı biz qram-qram toplamışdıq. Bir az pul yığıb 13-14 kvadratmertlik ofis götürdüm. Hər işi mərhələ-mərhələ gördük, böyütdük.

Pula gəlincə, heç bir maliyyəmiz yox idi. 20 qəpiklə investisiya etdik. Şirkəti qurduğumuz dostlardan biriylə oturmuşduq. Böyük gözəllik salonlarından birində modem xarab olmuşdu, zəng etdilər ki, düzəltmək lazımdır. Cibimizdə 20 qəpik var idi, yolpulu edib salona getdik, 10 manatla ordan çıxdıq. Şirkətin qazancı 10 manat oldu. Xərcləmədik, dedik işləyək, üstünə yığaq, şirkətin xərclərini ödəyək.


Xəbərə aid fotolar