Beynəlxalq neft kəşfiyyatı yarışında qalib gələn azərbaycanlı tələbə


Digərləri 01 İyl 2019 01:30:00 229 0

Beynəlxalq neft kəşfiyyatı yarışında qalib gələn azərbaycanlı tələbə

Aydın Şahtaxtinski: "8 həftə ərzində məlumatları analiz edərək, yeni neft-qaz yatağı təklif etməli idik"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, insan öz istiqamətini nə qədər erkən yaşda müəyyən etsə, bir o qədər yaxşıdır. Həm də düşünür ki, bu qərara gəlməzdən əvvəl yaxşıca düşünmək, araşdırmaq lazımdır. Bunun üçün isə şagirdlər məktəbdə oxuduqları dövrlərdə müxtəlif dərnəklərə, layihələrə və könüllü təcrübələrinə qoşularaq özlərinə maraqlı gələn sahəni müəyyən etsinlər. Çünki insan yalnız sevdiyi işlə məşğul olduğu zaman uğur qazana bilər.

Müsahibim Beynəlxalq Neft Kəşfiyyatı Yarışının (İnternational Petroleum Exploration Competition) qalibi Aydın Şahtaxtinskidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya üzrə bakalavr təhsili alan Aydın hazırda ABŞ-ın Texas ştatında  Hyuston Universitetində doktorantura pilləsi üzrə təhsilini davam etdirir. Qeyd edim ki, həmyerlimizin qalib olduğu bu yarış 2006-cı ildən keçirilir və 61 ölkənin 455 universitetini əhatə edir.

Geologiyaya həvəs

Müsahibim deyir ki, hazırda universitetdə təhsil almaqla yanaşı, tədris və elmi işlər assistenti kimi çalışır. Eyni zamanda bakalavr pilləsi üzrə təhsil alan tələbələrə  laboratoriya işləri ilə üzrə dərs deyir. Geologiyaya uşaqlıqdan həvəsi olan həmsöhbətim, eyni zamanda, Amerika Neft-Qaz Geoloqlar Birliyinin (AAPG) tələbə bölməsinin prezidenti kimi də fəaliyyət göstərir: "Yer elmlərinə, xüsusilə geologiyaya marağım məktəb illərindən yaranmağa başladı. 8-ci sinifdə Amerikanın skaut oğlanları (Boy Scouts of America) adlanan dərnəyə qoşulmuşdum. Orada xarici tələbələrlə Azərbaycanın müxtəlif rayonlarından kampinqə gedirdik. Biz orada təbiətdə sağ qalmaq və digər bacarıqları öyrənirdik. Ətrafdakı dağlar, göllər və digər təbii strukturlar haqqında müxtəlif məlumatlar toplayırdıq. Elə həmin dövrdən başlayaraq onların necə formalaşması, tərkibi mənə maraqlı gəlməyə başladı. Həmçinin, Azərbaycanda neft sahəsinin əhəmiyyətini nəzərə alaraq neft-qaz geologiyası sahəsində təhsil almağa qərar verdim".

"Əsas məqsədim qalib gəlmək idi"

2018-ci ilin payız semestrində Aydın öz göstəricilərinə görə, magistr təhsili almadan birbaşa olaraq ABŞ-da doktorantura təhsili almaq hüququ qazanıb: "Təhsil aldığım universitetdə əsas fənlərim neft sahəsinə aiddir. Mənə dərs deyən professor dedi ki, gələn semestr beynəlxalq yarışma olacaq. Neft-qaz şirkətlərində işəgötürənlərin bu yarışmada iştirak edənlərə böyük marağı var. ABŞ-da təcrübə imkanları əldə etmək üçün gərək sənayedəki mütəxəssislərlə, peşəkarlarla geniş əlaqələrin olsun. Bu yarışmada iştirak etmək və onların qarşısında öz layihənlə çıxış etmək sənə çox kömək ola bilər. Neft kəşfiyyatına və məlumatların analizinə böyük marağım olduğundan, yarışmaya qatılmağı çox istəyirdim. Əslində hər şey qısa vaxtda baş verdi. Birinci semestrdə oxuyanda fikirləşirdim ki, görəsən, gələn il bu müsabiqəyə müraciət etsəm, qalib gələ bilərəm? Mənim əsas məqsədim qalib gəlmək idi. Bu yarışda qalib olmaq, özünü mütəxəssislərə təqdim etmək deməkdir. Bu, həm də sənin əlaqələrinin genişlənməsinə çox kömək olur. ABŞ kimi ölkədə bu, çox vacib məqamdır. Bilirdim ki, qalib gəlsək, müxtəlif şirkətlərdə təcrübə imkanları əldə etmiş olacağam. Professorumun dediklərini bir qədər düşündükdən sonra qərara gəldim ki, layihədə iştirak edim".

"Bütün səylərimizi ortaya qoyduq"


Xəbərə aid fotolar