UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayl nəzərdən keçiriləcək (FOTO)


Digərləri 30 İyn 2019 18:29:34 176 0

UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayl nəzərdən keçiriləcək (FOTO)

İyunun 30-da Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının istiqamətləndirici iclası keçirilib

Bakı. İyunun 30-da Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının istiqamətləndirici iclası keçirilib. Trend-in Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Dünya İrs Komitəsinin Bakı sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, tədbirin açılış mərasimi və digər iclasların keçiriləcəyi məkanlarla bağlı məlumat verib. Bildirib ki, bu gün axşam Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi reallaşacaq. Mərkəzdə Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş etdiriləcək. UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler çıxışında bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumun yüksək səviyyədə təşkil edilib. İyulun 1-də keçiriləcək sessiyalarla bağlı məlumat verən direktor diqqətə çatdırıb ki, sessiyaların və plenar iclasların təşkil olunacağı zallar tam hazır vəziyyətdədir. M.Rossler təqdim olunacaq nominasiya faylları ilə bağlı əlavə məlumatların Təşkilat Komitəsinə çatdırılmasını tövsiyə edib. Həmçinin vurğulayıb ki, plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcək. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub və onlayn rejimdə hər bir sessiyaya aid sənədi buradan əldə etmək mümkündür. Qeyd olunub ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyi sabah açıqlanacaq. Gündəliyə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bakı sessiyasında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək.