21 yaşlı Nigara heroin niyə verilmişdi?


Kriminal 30 İyn 2019 15:42:00 214 0

21 yaşlı Nigara heroin niyə verilmişdi?

Əvvəllər narkotik vasitələrin satışı, oğurluq, soyğunçuluq və digər bu kimi cinayətlər törədərək dəfələrlə dəmir barmaqlıqlar arxasına düşən Ceyhun Qasımov bu səfər yenicə tanış olduğu gənc qızı da arxasınca sürükləyib. Çay evində qıza heroin "bəxşiş" etməsi həm özünə, həm də narkotikə təzə qurşanan 21 yaşlı Nigara baha başa gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 42 yaşlı Ceyhun Qasımov və 21 yaşlı Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Ceyhun Qasımov istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, daşıyıb və satıb. Ötən il dekabrın 4-də 6,194 qram heroini və 1,880 qram metamfetamini satmaq məqsədilə Yasamal rayonunda yerləşən "Arzum" restoranına yollanıb. Narkotik vasitəni elə oradaca başqa bükümə qablaşdıran C.Qasımov tanışı Nigar Süleymanovaya "bəxşiş" edib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər "Arzum" restoranın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. C.Qasımava qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunan N.Süleymanova barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Təqsirləndirilən Ceyhun Qasımov ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, heroini və "şüşə"ni adətən "Kubinka" və "Papanin" ərazisində tanımadığı şəxslərdən aldığını deyib. Nigar Süleymanovaya gəlincə isə, onunla həbs olunmamışdan bir ay əvvəl tanış olduqlarını bildirib: "Nigarla aramızda dostluq yaranmışdı. Narkotikdən istifadə etdiyini bilirdim. Bu haqda özü mənə demişdi".

C.Qasımovun ifadəsinə görə, növbəti dəfə heroin almaq üçün "Papanin"ə yollanıb. Üzdən narkomana oxşayan, 40-45 yaşlarında, saçları ağarmış bir nəfərdən 6 qram heroin, 2 qram metamfetamin alıb. Ertəsi gün Nigarla əlaqə saxlayıb, Yasamalda yerləşən çay evlərinin birində görüşüblər: "Söhbət əsnasında Nigar ağrılarının çox olduğunu, amma narkotik tapa bilmədiyini dedi. Heroinin təxminən bir qramını büküb ona verdim. Mən çay evindən çıxanda Nigar ayaqyolunda idi. Avtomobilə oturmaq istədikdə mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər. Həmçinin, mütəmadi olaraq heroin və psixotrop maddələrin satışı ilə məşğul olduğumu bildirdilər. Heroini və "şüşə"ni gizlədə bilməyəcəyimi görüb cibimdən çıxarıb polis əməkdaşlarına təqdim etdim".

Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin, yaxın qohumlarının, çevrəsindəki yaxın insanların xəbəri olmayıb: "Üstümdən tapılan narkotikin əsas hissəsini özüm istifadə etmək, yerdə qalanını isə satmaq fikrim vardı. Aramızda dostluq münasibəti olduğundan narkotiki Nigara əvəzsiz vermişdim. Nigar mənə narkotik satmaqda köməklik etməyib".