Uşaqlara nağıl oxumağın faydaları


Digərləri 30 İyn 2019 14:11:00 255 0

Uşaqlara nağıl oxumağın faydaları

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara kitab oxumaqdır. Xüsusilə uşaqların yaşlarına uyğun nağıl kitabları onların tərbiyəsində və xarakterinin formalaşmasında böyük rol oynayır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, uşaqların oxuduğu nağılların onlara göstərdiyi təsir və faydalar müxtəlifdir. Belə ki, uşaqlara nağıl oxuyarkən onlar özlərini qəhrəmanların yerinə qoyurlar. Beləliklə, özünü başqasının yerinə qoymaqla, digər insanları da anlamağa çalışırlar. Əsas qəhrəmanın müxtəlif problemlərlə qarşılaşması uşağa qorxu, çətinliklər barədə məlumat verməklə həyatın ancaq sevincli günlərdən ibarət olmadığını göstərir və ona çətinliklərlə necə mübarizə aparmağı öyrədir.

Nağılların əksəriyəti xoşbəxt sonluqda bitdiyindən uşaqlarda ümid, güvənc kimi duyğular yaranır. Nağıllarda insanlara, təbiətə, heyvanlara qarşı xüsusi qayğı ilə yanaşıldığı üçün uşaq da bunu özünə örnək götürür və belə rəftar sərgiləyir. Mənfi qəhrəmanların etdiyi pislikləri görüb öz-özündə bunun doğru olmadığı qənaətinə gələ bilir. Çünki uşaqlar özlərini baş qəhrəmanların yerində gördüyü üçün pis qəhrəmanın hiyləgərliklərinin yaxşı olmadığını başa düşür.

Pediatrlar bildirir ki, nağıllar öyrədici olduğu üçün valideynlər nağıldan doğru istifadə edərək övladlarına buradan misallar çəkməlidir. Həmçinin valideynlərin səsi uşaqlar üçün sakitləşdirici olduğundan ana və ya ata nağıl oxuyarkən uşaqlar sakit olur. Uşaqlara kitab oxumaq vərdişi aşılanarsa, zamanla onlar özləri telefon, planşet kimi zərərli vərdişlərdən əl çəkib nağıl oxumaq həvəsinə düşəcəklər.