Yurdu viran olan


Kriminal 29 İyn 2019 15:36:00 274 0

Yurdu viran olan

Son.az Modern.az-a istinadən Cabbar Qaryağdıoğlu haqda xatirələri təqdim edir.

...Hər dəfə Şeyx Şamil küçəsindən keçəndə qanım qaralır. "Qırxpilləkən" deyilən yerdəki hündür binalar elə bil mil olub gözümə batır.  Bu gerçəkliklə hələ də barışa bilmirəm... 

...Yadımdadı, onu mənə ilk dəfə atam tanıtmışdı - lap balaca vaxtımda.  Atam televizorda qaval oynada-oynada oxuyan yaşlı kişini mənə göstərib demişdi:

- Bax, Cabbar Qaryağdıoğludur! Deyirlər, Cabbar oxuyanda quşlar da civiltisini kəsib ona qulaq asarmış...

Sonralar- musiqini anlayanda  xanəndənin lent yazılarına yenidən qulaq asdım, onun haqqında  oxudum... Böyüklüyünə inandım, sevdim...

Musiqi tədqiqatçısı Firidun Şuşalı yazırdı ki, Cabbar Qaryağdıoğlunun adı  Enriko Karuzo, Fyodor Şalyapin,  Benyamino Cili kimi böyük müğənnilərlə yanaşı çəkilə bilər. "Azərbaycan misiqi mədəniyyəti tarixində ən böyük sima Qaryağdıoğludur. Əgər, Cabbar olmasaydı, Üzeyir  bəy olmazdı. Üzeyir bəy olmadansa Fikrət Əmirov olmazdı..."

Bəstəkar Fikrət Əmirovsa Cabbar Qaryağdıoğlunu   xalq musiqisinin düşünən beyni adlandırırdı... 

Tanrı bizə belə bir SƏNƏTKAR vermişdi. Bizsə onun  Bakıdakı mülkünü söküb yerində  müasir tipli binalar tikdik. Mülk memarlıq abidəsi sayılsa da...

Bu barədə  düz 20 il  qabaq bir araşdırma  yazmışdım.  Təsadüfən Şeyx Şamil küçəsindəki "Qırxpilləkən" deyilən yerdən keçirdim. Gördüm ki, fəhlələr tarixi abidə olan bu binanı sökürlər. Əvvəllər binanın qarşısında Cabbar Qaryağdıoğlunun burda yaşadığını göstərən xatirə lövhəsi  vardı.  Onu da söküb yerə atmışdılar. Sakinlərsə köçürülmüşdü. Məsələni araşdırmağa başladım. Elə o zamanlar Cabbar Qaryağdıoğlunun qızı-Şəhla xanımla tanış oldum. O, atasının mülkü haqqında  maraqlı faktlar danışdı. 

Şuşada xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu Bakıya gəlir.Öz evi olmadığından, kirayədə yaşamağa başlayır. Qonşuluqda 13 yaşlı Səlmaxatuna  vurulur.  Qıza elçi düşür. Di gəl, Səlmaxatunun atası inad eləyir, deyir, öz evi-eşiyi olmayan bir adama qız vermərəm. Cabbar Qaryağdıoğlu da bundan sonra üçmərtəbəli bir mülk tikdirir.  (Bəzi mənbələrdə mülkün 1899-cu, bəzilərindəsə 1908-ci ildə tikildiyi deyilir) Özü də binanın tikintisində sementdən yox, ancaq yumurtadan istifadə olunur. Bundan sonra Səlmaxatunu ona ərə verirlər. O vaxtdan ta binanın sökülməsinə sərəncam verilənə kimi Cabbar Qaryağdıoğlunun mülkündə onun doğmaları yaşayır...

O vaxt ərazidəki köhnə, yararsız binalarla yanaşı,  mənəvi, tarixi yükü olan belə bir  tikilinin sökülməsi mənə çox yer  eləmişdi. Üstəlik, öyrənmişdim ki, Cabbar Qaryağdıoğlunun mülkündən sağda yerləşən bina da  Zeynalabdin Tağıyevin qış evi olub. Satirik şair, "Molla Nəsrəddin"çi Əli Nəzmi də sökülən binaların birində yaşayıb. Söküntü  başlayana kimi onun burda yaşadığını göstərən  xatirə lövhəsi də vardı...

O vaxt  köçürülən ailələrlə, tikinti aparan "İNTEPE "şirkətinin,  Memarlıq və Şəhərsalma Baş İdarəsinin ixtiyar sahibləriylə görüşdüm.  Sən demə, heç kəs bu binaların tarixi memarlıq abidəsi olduğunu bilmirmiş. Hətta  Memarlıq və Şəhərsalma Baş İdarəsinin o vaxtkı rəhbərinin də bundan xəbəri  yoxmuş.  Dəhşətə gəlmişdim! Nəysə, "böyüklər" səhvlərini düzəldəcəklərinə söz verdilər. "Bu, bir diqqətsizlikdir, çalışacağıq tarixi binalar bərpa olunsun"-dedilər. 

Tikinti bir müddət dayandırıldı. Sonra  hər şey yenidən başladı.

Şəhla xanım ömrünün sonuna kimi atasının mülkü uğrunda savaşdı. Hərdən də atasının vəsiyyətini  xatırlayıb özünü sakitləşdirdi. "Kişi bizə vəsiyyət edib ki, məndən ötrü heç bir qapıya getməyin. Əgər  mən xalqıma xidmət etmişəmsə, qeydimə qalacaqlar!"

Amma belə olmadı...

Daha Cabbar əminin zəmanəsi deyildi!

...Hələ də bunları  içimə sinirə bilmirəm. Axı Cabbar Qaryağdıoğluna  belə laqeyidlik  günahdı!  O, elə sənətkardı ki, xanəndə kimi əvəzolunmazlığı bir yana, bəstələdiyi  nəğmələr dilimizə, qanımıza, ruhumuza hopub,  xalq mahnısı kimi tanınıb, sevilib...


Xəbərə aid fotolar