Bakı Metropoliteni yay qrafikinə keçir,


Digərləri 29 İyn 2019 10:47:00 248 0

Bakı Metropoliteni yay qrafikinə keçir,

Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

Xətlərin "28 May" stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.