Vitse-prezident: BHGE Azərbaycandakı layihələrdə aparıcı şirkətlərlə işləyir (ÖZƏL)


Digərləri 29 İyn 2019 07:45:00 256 0

Vitse-prezident: BHGE Azərbaycandakı layihələrdə aparıcı şirkətlərlə işləyir (ÖZƏL)

“BakerHughes, a GE company ” (BHGE) şirkəti 2017-ci ilin iyulunda “GE Oil & Gas” və “Baker Hughes” şirkətlərinin birləşməsi nəticəsində yaranıb

Bakı. Ləman Zeynalova - “BakerHughes, a GE company ” (BHGE) şirkəti 2017-ci ilin iyulunda “GE Oil & Gas” və “Baker Hughes” şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Bunu Trend-ə özəl müsahibəsində şirkətin Rusiya və Xəzər regionu üzrə neft-mədən xidmətləri vitse-prezidenti Tommi Kassem deyib. O bildirib ki, şirkət fəaliyyəti neft-qaz kompleksinin bütün seqmentlərini – hasilat və kəşfiyyat, nəqliyyat, neft emalı və neft-kimya sahələrini əhatə edən ilk və yeganə şirkətdir. Vitse-prezident şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq ölkədə 1990-cı illərin əvvəllərindən işlədiyini deyib: “Biz “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP da daxil olmaqla Xəzər şelfində və quruda bir sıra çətin layihələrdə geoloji kəşfiyyat, qazma, hasilat, nəqliyyat, karbohidrogenlərin mayeləşdirilməsi, sıxılması, emalı və saxlanması üçün neft-qaz avadanlıqlarının və xidmətlərinin tədarükçüsüyük. BHGE SOCAR, BP, “Total”, “Equinor” və “Caspian Drilling Company”nin etibarlı tərəfdaşıdır. Bu gün BHGE-nin Azərbaycandakı əməkdaşlarının sayı 300 nəfərdən artıqdır, onların 90 faizdən çoxu isə yerli kadrlardır”.