Uşaqlarda çox yayılan ciddi xəstəlik Cərrahi müalicəsi


Digərləri 28 İyn 2019 21:50:00 215 0

Uşaqlarda çox yayılan ciddi xəstəlik  Cərrahi müalicəsi

Uşaqlarda çəpgözlük ciddi və çox yayılmış xəstəlikdir.

Son.az yenicag.az-a istinadən bildirir ki, planetimizdə yaşayan təxminən 120 milyon uşaq çəpgözlükdən əziyyət çəkir ki, bu da 1.5-3.5% təşkil edir.

Çəpgözlük heç də təkcə psixoloji cəhətdən problem yaradan kosmetik çatışmazlıq deyil, insanın həyat fəaliyyətinə mane olan, peşə seçiminə əngəl yaradan amildir.

Aydındır ki, 2 gözlə yaxşı görmək üçün onların hər ikisi birlikdə hərəkət etməlidir. Gözlərin birlikdə hərəkətinin formalaşması 2-3 yaşda başlayır. Elə bu vaxtda uşaqlarda çəpgözlük yaranır. Çəpgözlük keçirilmiş yoluxucu xəstəlik, zədə, ciddi qorxma və baş beyinin xəstəlikləri nəticəsində yarana bilər.

Səbəb kimi həmçinin gözün optik çatışmamazlıqları - yaxındangörmə, uzaqdangörmə, astiqmatizm də qəbul edilə bilər.

Çəpgözlük zamanı 1 göz düzgün vəziyyətdə olur, o biri isə tədricən burun və ya gicgah tərəfə yaxınlaşır. Belə düşünmək olar ki, bu zaman əşyaların görünməsi ikiləşir. Amma heç də həmişə çəpgözlükdə ikiləşmə olmur, çünki mərkəzi sinir sistemi çəpləşən gözün funksiyasını tormozlayır. Uyğun olaraq görmədə 1 sağlam göz iştirak edir, çəpləşən göz isə inkişafdan qalır və bu da öz növbəsində görmənin aşağı düşməsinə səbəb olur.

Beləliklə demək olar ki, çəpgözlük təkcə kosmetik çatışmamazlıq yaratmır, binokulyar funksiyaların pozulmasına səbəb olur. Ona görə də çəpgözlüyü müalicə etmək üçün yalnız kosmetik çatışmazlığı aradan qaldırmaq deyil, çəpləşmiş gözün görməsini bərpa etmək lazımdır.

Uşaqlarda bu məsələ ilə məşğul olan həkimlər valideyinlərə məhz bunu aydınlaşdırılmalıdır ki, övladlarının çəpgözlüyündə yalnız xarici görünüşü deyil, görmə itiliyini və binokulyar görməni də hökmən bərpa etmək, ən başlıcası isə bu işə vaxtında başlamaq lazımdır.

Cərrah oftalmoloq Nigar Kərimova bildirib ki, övladınızda hətta bircə dəfə də belə çəpləşmə hiss etdiyiniz vaxt onu dərhal həkim müayinəsindən keçirin. Problemin ilk anlarında müdaxilə çox asan başa gələn yüksək nəticə verir, gecikmə isə sonrakı fəsadlara səbəb olaraq normal görmənin bərpasına əngəl yarada bilər.

Əgər övladınız yazarkən və şəkil çəkərkən dəftər, ya albom üzərinə çox əyilirsə, oynayarkən oyuncaqları gözünə çox yaxın gətirirsə, gecikmədən həkimə müraciət edin.

Bundan başqa çəpgözlük həmişə görmə qabiliyyətinin pozulmasına səbəb olur. Çəp olan göz tənbəlləşir, görmə prosesində iştirak etmir ki, bu da gözün daha da zəifləməsinə, çəpgözlük bucağının çoxalmasına səbəb olur.

Normal iki gözlə görmək binokulyar görmə adlanır. Çəpgözlükdə isə bir gözlə baxılır. Buna da monokulyar görmə deyilir. Belə xəstələrin bir gözlə baxma vərdişi hətta kosmetik nöqsan aradan götürüldükdən sonra da qalır (baxmayaraq ki, gözlər düz baxır). Buna görə də gözlərin binokulyar görməsini bərpa etmək üçün müalicəni əməliyyatdan sonra da davam etdirmək lazımdır.

Çəpgözlüyün müalicəsi 3 mərhələdən ibarətdir: konservativ, cərrahi əməliyyat və yenə də konservativ.

Gözlər eynəklə düz baxırsa onda konservativ müalicə (eynək+apparatla müalicə) uzadılır. Əgər çəplik bucağı eynəklə də saxlanılırsa onda cərrahi əməliyyat təklif edilir.