Palçıq vulkanlarının ekoturizm və tibbi turizm imkanlarından istifadə olunması günün tələbidir


Digərləri 28 İyn 2019 21:14:00 238 0

Palçıq vulkanlarının ekoturizm və tibbi turizm imkanlarından istifadə olunması günün tələbidir

Dünyada mövcud olan 2500 vulkandan 353-ü ölkəmizdədir. Onlardan 200-ü quruda, 153-ü dənizdədir. Palçıq vulkanları bizim təbii sərvətimizdir. Palçıq vulkanları vasitəsilə dərində yerləşən neft-qaz yataqları haqqında məlumat əldə edirik. Vulkan palçığı müalicəvi əhəmiyyətə malikdir. Belə ki, vulkanların palçığından 10-dan çox xəstəliyin müalicəsində istifadə olunur. Vulkan palçığı dəri, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet xəstəlikləri, ginekologiya, urologiya, kosmetologiya sahələri və s. üçün faydalıdır. Bundan başqa, vulkan palçığından inşaatda istifadə olunur - sement, silikat kərpiclər, istilik keçirməyən plitələr hazırlanır. Bəzi püskürməyən vulkanlar yer səthinə qaz, su ilə yanaşı neft də çıxarır və orada unikal vulkan landşaftı yaranır. Buna görə də palçıq vulkanları ekoturizm üçün çox faydalıdır. Azərbaycana gələn turistlər palçıq vulkanları ilə tanış olmağa meyillidirlər. Xüsusilə yaşlı turistlər müalicə məqsədilə palçıq vulkanlarını ziyarət etməyə üstünlük verirlər. Bir çox ölkələrdə palçıq vulkanlarının palçığından müxtəlif məqsədlər üçün istifadə olunur. Azərbaycanda vulkan palçığı neftlə qarışıq olduğu üçün o daha keyfiyyətlidir, kimyəvi tərkibinə görə Naftalan nefti ilə təxminən eynidir. Buna görə də Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Bir neçə il əvvəl həmin vulkanlar seçilib və 6 marşrut Mədəniyyət Nazirliyinə təklif olunub. Bununla yanaşı, 2008-ci ildə 25 vulkana aid 3 dildə bələdçi kitabçası nəşr olunub. Həmin vulkanlardan bir neçəsinin ətrafında infrastruktur yaradılması, yaşıllıq, istirahət zonaları, o cümlədən müalicə üçün məkan təşkil etmək olar. Məqsədimiz bu sahədə sistemli işin qurulmasını təşkil etməkdir. Bu tədbirlərin həyata keçiriləcəyi təqdirdə ölkəmizə gələn turistlərin sayı da artacaq.

Son.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor Adil Əliyev deyib.

Vulkan püskürməsinin mənfi təsirlərindən də danışan mütəxəssis qeyd edib: "Palçıq vulkanının püskürməsi insan həyatı üçün təhlükəli olmaqla yanaşı, ətraf mühitə də təsirsiz ötüşmür. Vulkan püskürəndə yer səthinə brekçiya tullanır, alov sütunları yaranır. Bəzən onun hündürlüyü 400-500 metrə çatır. Nəticədə ətraf mühit üçün böyük hərarət yaranır. Həmin vaxt vulkanın yaxınlığında olmaq məsləhət deyil. Bəzi hallarda isə vulkan püskürəndə alovlanma qeydə alınmır. Belə ki, vulkan qazının tərkibində metan qazı üstünlük təşkil edərsə, alovlanma müşahidə olunur. Lakin karbon qazı çox olanda alovlanma baş vermir. Vulkanlara yaxın ərazilərdə yaşayış məskənlərinin salınması tövsiyə olunmur. Çünki püskürmə zamanı sakinlərin xəsarət alma ehtimalı var. Onu da qeyd edim ki, vulkan püskürəndə partlayış və çatlar da əmələ gəlir. Bəzi çatlar uzun məsafələri əhatə edir. 1999-cu ildə Bozdağ-Qobu vulkanı püskürəndə 1100 metr uzunluğunda çat əmələ gəlib və Hökməli qəsəbəsinə çatmışdı. Vulkana yaxın ərazidə üç yaşayış binası var idi və sakinlər təxliyə edildilər. Çox təəssüf ki, hazırda həmin ərazidə böyük yaşayış massivi əmələ gəlib. Bozdağ-Qobu vulkanının krater sahəsinə yaxın çoxlu binalar tikilib. O vulkan güclü püskürsə, faciə baş verə bilər.

Yaşayış binalarını vulkanlardan ən azı 500-1000 metr məsafədə tikmək lazımdır. Elə vulkanlar var ki, onların püskürmələri keçmişdə qeydə alınıb, hazırda isə yer səthinə yalnız vulkan məhsulları çıxarırlar. Onların yaxınlığında ev tikilməsinin qorxusu yoxdur".