Eşşək otaran


Digərləri 28 İyn 2019 20:27:00 230 0

Eşşək otaran

Deməli, varlı-kallı bir dostum var, özü də məmurdur. Məmur işindən savayı nə işlə deyirsən məşğul olur. Arada deyirəm ki, get biznesinlə məşğul ol, qoy bir yer boşalsın. Sənin yerinə can atanlar qoy dövlət imtahanı verib o BOŞ yeri  tutsunlar. Gülə-gülə deyir ki, ay-hay! O BOŞ yerə heç kim imtahan verib keçə bilməz. Müqəddəs yerlər Boş qalmır. Belə yerlər mənimkimilər üçündür. Birdə ki, mənim biznesim elə məmur olmağımdadır...

Xülasə, bir gün əl telefonuma zəng gəldi. Nömrəyə baxdım, biznesmen məmur dostum idi.

-Mirzə, salam! - Əleykdən sonra keçdi mətləbə. - Mirzə, məmurlara yaman sataşırsan, ha! Arada ad çəkmədən mənə də söz şilləsi çəkirsən. And olsun oxuduğum kitaba (bilmədim hansı kitabı deyir, çünki o, puldan başqa heç nə oxumur. Bəlkə də sayıb kitab halına gətirdiyi  qat-qat paraları nəzərdə tutur) mənə ləzzət eləyir, amma ona görə zəng etməmişəm.

- Buyur, eşidirəm! - Səsim bir az quru çıxsa da, dostum sözün tonuna fikir vermədən dilləndi:

- Mirzə, körpüdən keçən tanış  ortağım var.

Termin mənə qəribə gəldi - "körpüdən keçən"

Soruşdum:

- Nə işlə məşğul olur o körpüdən keçən tanış ortağın?

- Eşşək başıdır.

Düşündüm ki, yəqin bu mənimlə məzələnir. Keçdim zarafata:

- Yəqin sizləri də qatıb qabağına otarır, - dedim.

- Ə, canınçün zarafat etmirəm, eşşək başıdır, yəni eşşək ferması var. Özü də böyük ferma. Mən də arada-sırada ondan eşşək südü alıram. Bir oğlu var, instituta (belə də dedi) girmək istəyir. Dedim mənim bir Mirzə dostum var, qoy onunla söhbət etsin, görək başında nə var, nə yox?

Day məzələnmək damarım tutmuşdu deyə atmacamı atdım:

- Öz başını eşşək sürüsünə bağlamısan, məni də yanına həmtay aparırsan?

- Yox, canınçün, düz sözümdür, qoy yanına gəlsin, bir az söhbət elə, sonra fikrini deyərsən.

Əlimə yaxşı girəvə düşmüşdü, fürsəti qaçırsaydım, Mirzə olmazdım ki, "Gəlsin" dedim.

İki saatdan sonra yanıma cılız, günəşin altında yanan, amma gözlərindən cin yağan, kömür kimi bir qarabala gənc gəldi.