Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)


Digərləri 28 İyn 2019 19:56:10 319 0

Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)

Sahil Babayev: Prezident cənab İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası işləri çərçivəsində günərzi qayğı mərkəzlərinin sayı iki dəfədən çox artırılacaq

Bakı. Prezident cənab İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası işləri çərçivəsində günərzi qayğı mərkəzlərinin sayı iki dəfədən çox artırılacaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzi ilə tanış olarkən deyib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” istiqaməti üzrə sosial xidməti sifarişini Gəncə şəhərində “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi həyata keçirir. Qeyd olunan sosial xidmət sifarişi əsasında nazirliyin dəstəyi ilə həmin İctimai Birlik tərəfindən Gəncə Uşaq Günərzi Qayğı Mərkəzi yaradılaraq, zəruri təchizat işləri aparılıb. Uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları mərkəzə cəlb edilib. Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir.