“Sosial bağlar” layihəsinin ikinci mərhələsinə start verildi


Siyasət 28 İyn 2019 18:45:00 268 0

“Sosial bağlar” layihəsinin ikinci mərhələsinə start verildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və RİİB-in sədri Məhəmməd Abdullayev imzalayıblar.

Tədbirdə ötən il layihə çərçivəsində görülən işlərə, yaradılan təsərrüfatlara dair videoçarx nümayiş olunub.

A.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə iqtisadi inkişafın nəticələrinin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır. Nazir müavini bildirib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini çəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.

A.Əliyev özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına RİİB-in fəal dəstək verdiyini vurğulayıb. Qeyd edib ki, nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə "Sosial bağlar" layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.

Layihənin artıq ikinci mərhələsinə başlandığını deyən nazir müavini bildirib ki, yeni mərhələdə bu il daha 250 aztəminatlı ailə üçün bağ və bostançılıq təsərrüfatları yaradılacaq. Bununla onların kiçik sahibkarlığa çıxışı dəstəklənəcək, həmçinin qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstək göstəriləcək.

Daha sonra çıxış edən M.Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun icra etdiyi layihələrin ölkəmizin inkişafı proseslərinə ardıcıl dəstək olduğunu bildirib. O, bu layihələrin bir istiqamətinin də sosial sahədə aparılan islahatlara, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıdığını vurğulayıb. RİİB-in fəaliyyəti barədə məlumat verən M.Abdullayev nazirliklə birgə reallaşan "Sosial bağlar" layihəsinin bu il də uğurla icra olunacağına əminliyini ifadə edib.

M.Abdullayev əlavə edib ki, RİİB-in başlıca məqsədi ölkənin ictimai, sosial və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə geniş dəstək verməkdən ibarətdir:

"Fəaləyyəti dövründə ictimai birlik tərəfindən respublilanın regionlarında sosial, səhiyyə, təhsil, informasiya texnologiyaları, turizm, idman, ekologiya və digər istiqamətlərdə müxtəlif layihələr həyata keçirilib, vətəndaşların çoxsaylı müraciətləri təmin edilib, bu gün də bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.

Xüsusi həssas qruplara daxil olan ailələrin əmək qabiliyyətli üzvlərinin özünəməşğulluğunu təmin etmək məqsədilə RİİB ƏƏSMN qarşısında təşəbbüslə çıxış edib, aparılan müzakirələr nəticəsində regionlarda "Sosial bağlar" layihəsinin birgə həyata keçirilməsi barədə razılıq əldə olunub.

2018-ci ildə qurumlar arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində regionlarda qeyd olunan kateqoriyalarla bağlı 125 ailə üçün meyvə bağları yaradılıb. Həmçinin İctimai Birliyin nümayəndələri və könüllülərinin iştirakı ilə bağlar salınacaq şəxslər üçün təsərrüfatların idarə olunması, aqrotexniki qulluq və s. mövzularda təlimlər keçirilib.

Layihənin sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq qurumlar arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Bu gün imzalanan memoranduma əsasən davam etdiriləcək "Sosial bağlar" layihəsi çərçivəsində daha 250 həssas qrup ailə üçün meyvə bağları salınacaq".

Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, RİİB və ƏƏSMN-nin bu layihəsi bir modeldir. Çünki ilk mərhələdən sonuncu mərhələyə qədər alıcının, istehlakçının tələblərinə uyğun sistem formalaşıb:

"Çox istərdim ki, bu model genişlənsin, həcmi artsın. Özünüməşğulluq proqramı bu gün Azərbaycanın məşğulluq siyasətində ən önəmli məsələlərdən biridir. Biz qloballaşma şəraitində yaşayırıq, bir tərəfdən yeni müəssisələr, iş yerləri yaranır, digər tərəfdən də texnologiyaların tətbiqi nəticəsində iş yerləri ixtisar olunur. Belə bir şəraitdə məşğulluq siyasəti, bu siyasəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yükü həddindən artıq böyükdür. Dünyada işsizlikdən böyük problem yoxdur. Ermənistanda görürsünüz ki, əhali azalır, miqrasiya çoxalır, amma Azərbaycanda hər il 100 min iş yerinin yaradılması nəzərdə tutulub. Bilavasitə ehtiyacı hiss edən insanlar üçün çoxsistemli iş yaradılıb. Bu onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət əhalinin, ölkəmizin milli maraqlarına cavab verir.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bugünkü tədbirin bir neçə özəlliyi var: Birincisi, 2004-cü ildə Azərbaycanda ilk dəfə Prezident İlham Əliyev regionların sosial iqtisadi inkişafı proqramını həyata keçirməyə başladı. Daha sonra İşsizlikdən Sığorta Fondu yaradıldı və onun büdcəsini təsdiq etdik. Büdcəyə görə də vəsaitin yarısı özünüməşğulluğa yönəldi. Heydər Əliyev Fondunun, Mehriban Əliyevanın rəhbərliyi ilə regionlarda bağçılıq təsərrüfatının yaradılması ideyası ortaya qoyuldu".

Digər çıxış edənlər "Sosial bağlar" layihəsinin sosial-iqtisadi əhəmiyyətini, qeyri-neft sektorunun inkişafında, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulmasında vacibliyini vurğulayıblar.

"Sosial bağlar" layihəsinin birinci mərhələsinin iştirakçıları isə bu layihənin onların öz bağ təsərrüfatlarını qurmalarına, özünüməşğulluqlarına, kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə səbəb olduğunu vurğulayıblar.

Qeyd edək ki, memoranduma əsasən layihə üzrə ötən illə müqayisədə iki dəfə çox olmaqla, bu il 250 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Nazirlik layihə iştirakçılarının seçimi, onlar üçün təlimlərin təşkili, biznes planlarını müdafiə edənlərin aktivlərlə təmin olunması və s. aidiyyəti işləri yerinə yetirəcək.

"Regional İnkişaf" İctimai Birliyi isə iştirakçıların seçimi, onların biznesə başlamaları və təsərrüfatları idarə etmələrinə, təsərrüfatlara aqrotexniki qulluq göstərmələrinə və s. dəstək göstərəcək. Həmçinin təsərrüfat növünün seçilməsi, təsərrüfatların yaradılmasına və istehsal olunan məhsulların satışına (marketinqinə) köməklik göstərilməsi üzrə məsləhətlər, iştirakçıların təsərrüfatlardan əldə edəcəyi gəlirlərin istehsalın inkişafına yönəldilməsi mexanizminə dair təkliflər veriləcək.


Xəbərə aid fotolar