Gəncədə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik müəssisələrə baxış olub (FOTO)


Digərləri 28 İyn 2019 18:31:00 225 0

Gəncədə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik müəssisələrə baxış olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı kiçik müəssisələrə baxış keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı kiçik müəssisələrə baxış keçirib. Trend-in məlumatına görə, 2018-ci ildə Gəncə şəhərində 200-ə yaxın işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramının iştirakçısı olub. Həmin şəxslər üçün ilk növbədə müvafiq təlim kursu təşkil edilib, özünüməşğulluq fəaliyyəti, kiçik biznesin təşkili və idarəedilməsi ilə bağlı onlara zəruri bilik və bacarıqlar öyrədilib. Proqrama cəlb edilənlər biznes-planlarına uyğun şəkildə mal və materiallar formasında aktivlərlə təmin edilərək, öz kiçik ailə təsərrüfatlarını qurublar. S.Babayev proqram iştirakçıları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin özünüməşğulluğuna, onların kiçik ailə biznesinə çıxışına və sosial yardım proqramından asılılığının aradan qalxmasına şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, ötən il proqrama cəlb olunanların sayı 6,5 dəfə artırılaraq 7,3 minə çatdırılıb. Bu il isə 10 minədək ailənin proqramla əhatə edilməsi üçün işlər aparılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi, 15 minədək ailənin proqrama cəlb edilməsi nəzərdə tutulur.