“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiriləcək


Digərləri 28 İyn 2019 12:47:00 204 0

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiriləcək

“İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək.

Bakı. 11-12 iyul 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək. Trend-in məlumatına görə, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır. Məlumat üçün bildirək ki, “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpozium ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə keçirilib. Ümummilli lider Heydər Əliyev Simpoziumda geniş məruzə ilə çıxış edərək, tədbirin Qafqazda İslam mədəniyyətinin tədqiq olunmasını yalnız tarixən bölgə xalqlarının elm, incəsənət, memarlıq, iqtisadiyyat və digər sahələrdə İslam sivilizasiyasına verdiyi töhfələrin araşdırılması məqsədilə deyil, həmçinin yüksək ümumbəşəri dəyərləri ilə səciyyələnən Azərbaycan xalqının milli-mənəvi dəyərlərində İslamın rolunun öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə də xüsusi əhəmiyyətini bildirib. II Beynəlxalq Simpoziumda Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi xarici ölkə universitetlərində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlər Simpoziumda məruzələrlə çıxış edəcəklər. İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.