Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu FOTO


Kriminal 28 İyn 2019 07:21:00 303 0

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu  FOTO

İyunun 27-də I Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, professional teatr rejissoru sənətimizin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu.

Son.az Trend-ə istinadən bildirir ki, taleyin qəribə güzarı Hüseyn Ərəblinskini qətlindən sonra da izləyibmiş. Belə ki, ömrü 38 yaşında faciəli şəkildə bitmiş görkəmli aktyoru əvvəlcə Dağüstü parkın yerindəki şəhər qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü parkın salınması barədə qərar çıxarılanda mərhumların qohumlarına, varislərinə məzarların köçürülməsi təklif edilir. O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin dəfnində iştirak etmiş teatr xadimləri ilə birlikdə Ərəblinskinin nəşinin təzə yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur. Çox adi görünüşlü sinə daşı uzun illər xiyaban ziyarətçilərinə böyük aktyor Hüseyn Ərəblinskinin burada uyuduğunu bildirirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlandı.

Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak etdilər.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dedi ki, bizim Fəxri xiyabana budəfəki gəlişimiz Azərbaycan teatrına, milli teatr tariximizə hörmət əlamətidir. Bu qədər insanın xiyabana toplaşması o deməkdir ki, teatr sənətinə böyük töhfələr vermiş şəxslər heç zaman unudulmur. Adı Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış insanlardan biri olan Hüseyn Ərəblinskinin qətlindən 100 il keçir. Azərbaycan teatrının intibahı Hüseyn Ərəblinskinin adı ilə bağlıdır. Onun dövründə milli dramaturgiyanın mükəmməl nümunələri yarandı, dünya dramaturqlarının əsərləri Azərbaycan dilində tamaşaya qoyulmağa başlandı. Cəmiyyətin aynası adlanan teatr sənətinə bu gün dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən nazir vurğuladı ki, bu həm də dünyasını dəyişmiş şəxslərin xatirəsinə ehtiram kimi özünü büruzə verir.

Sonra çıxış edən Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verdi, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını dedi.

Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış etdilər.


Xəbərə aid fotolar