Bu şəxslərə verilən pul təminatı artırılır


Digərləri 27 İyn 2019 22:19:00 239 0

Bu şəxslərə verilən pul təminatı artırılır

Milli Məclisin növbədənkənar plenar iclasında əsas müzakirə mövzusu ''Əmək pensiyaları haqqında'' qanuna edilən dəyişikliklər oldu. Qeyd edildi ki, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkilləri bu dəyişikliyi inqilabi addım kimi dəyərləndirdilər. Millət vəkili Musa Qasımlı dedi ki, əmək pensiyalarının artırılması dövlətin iqtisadi gücünün göstəricisidir.

Millət vəkili Elmira Axundova isə maaş və pensiyaların artımı fonunda ərzaq məhsullarının qiymətlərinə nəzarət edilməsinə diqqət çəkdi.

Müzakirələrdən sonra ''Əmək pensiyaları haqqında'' qanuna təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edildi.

''Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında'' Çərçivə konvensiyası ilə bağlı qanunun müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı Abşeron yarımadasında dəniz sahillərinin hasarlanmasını sərt tənqid etdi. O vurğuladı ki, özəl çimərliklər həm ərazini çirkləndirir, həm də əhalinin dənizdən sərbəst istifadəsini məhdudlaşdırırlar.