Praqada Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirilib


Siyasət 27 İyn 2019 17:32:00 312 0

Praqada Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr keçirilib

Praqada Azərbaycan və Çexiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Çexiya tərəfindən Xarici İşlər nazirinin müavinləri - Avropa ölkələri istiqamətinə məsul Aleş Xmelarj və çoxtərəfli diplomatiya məsələlərinə məsul Martin Poveyşil rəhbərlik edib.

Görüş əsnasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar və s. sahələrdə ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən iki ölkə arasında regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətiləri müzakirə edilib.

İki ölkə arasında siyasi-iqtisadi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən X.Xələfov dövlətlərimizin strateji tərəfdaş olduğunu və son dövrdə qarşılıqlı olaraq rəsmi səfərlərin və görüşlərin davamlı həyata keçirilməsinin bunun əyani sübutu olduğunu diqqətə çatdırıb.

X.Xələfov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi məqsədilə ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb. O, 2013-cü ildə Çexiyanın Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarına görə Çexiyaya təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyətindən məmnunluqlarını ifadə edərək, Komissiyanın növbəti iclasının cari ilin sonunda Praqada keçirilməsi və buna hər iki tərəfdən öncədən hazırlıq işlərinin aparılması barədə razılığa gəliblər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin sonunda Çexiyaya səfərinin nəzərdə tutulduğu qeyd olunaraq, hər iki tərəfin onun uğurla həyata keçirilməsi üçün səylərinin artırılmasının vacibliyi vurğulanıb.

Çexiya tərəfi Azərbaycanla əlaqələrin kəsb etdiyi əhəmiyyətə toxunaraq qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərə təkan verdiyini vurğulamış, bu baxımdan həmin səfərlər çərçivəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə münbit şəraitin yarandığını qeyd edib.

Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar. Görüşlər qarşılıqlı anlaşma şəraitində keçmiş, söhbətin sonunda Xarici İşlər nazirinin müavini Xələf Xələfov Çexiya Xarici İşlər nazirinin müavinləri Aleş Xmelarj və Martin Poveyşili Azərbaycana səfərə dəvət edib.